UEFA 2029-cu il Çempionlar Liqası finalının stadionunu seçir

UEFA 2029-cu ildə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək stadionla bağlı qərarını açıqlamağa hazırlaşır. Həlledici qarşılaşmanı qəbul etmək üçün “Barselona”nın yenilənən “Spotify Kamp Nou” stadionu ilə Londonun məşhur “Uembli” arenası mübarizə aparır.

Hazırda Barselonanın namizədliyinin daha şanslı olduğu bildirilir. Yenidənqurma işləri tamamlandıqdan sonra “Kamp Nou”nun tutumunun təxminən 105 min tamaşaçıya çatması planlaşdırılır. Bu göstərici onu Avropanın ən böyük futbol stadionuna çevirəcək.

“Barselona” 2029-cu il finalına ev sahibliyi etmək üçün tələb olunan sənədləri UEFA-ya iyunda təqdim edib. Namizədlik şəhər rəhbərliyi, Kataloniya hökuməti və İspaniya Kral Futbol Federasiyasının dəstəyi ilə irəli sürülüb.

“Kamp Nou” daha əvvəl iki böyük finala ev sahibliyi edib

Barselonadakı stadion Avropanın əsas klub turnirinin finalını iki dəfə qəbul edib. 1989-cu ildə burada “Milan” “Styaua”nı 4:0 hesabı ilə məğlub edərək Avropa Kubokunu qazanıb.

1999-cu ildə isə “Mançester Yunayted” finalın son dəqiqələrində “Bavariya”nın qapısından iki qol keçirərək 2:1 hesablı tarixi qələbəyə imza atıb.

“Uembli” də Çempionlar Liqasının həlledici oyunları ilə zəngin tarixə malikdir. London stadionu sonuncu dəfə 2024-cü ildə turnirin finalını qəbul edib.

UEFA İcraiyyə Komitəsinin iclası sentyabrın 15-də Yunanıstanın Saloniki şəhərində keçirilir. Toplantının əsas gündəlik məsələlərindən biri 2028 və 2029-cu illərin Çempionlar Liqası finallarının ev sahiblərinin müəyyənləşdirilməsidir.

2028-ci il finalı üçün Münhendəki “Fußball Arena München” yeganə namizəddir. 2029-cu il üçün isə seçim “Spotify Kamp Nou” və “Uembli” arasında aparılır.

İclasın gündəliyinə həmçinin 2028 və 2029-cu illərin Avropa Liqası, Konfrans Liqası və qadınlar arasında Çempionlar Liqası finallarının keçiriləcəyi məkanların müəyyənləşdirilməsi daxildir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni