UEFA qərarını verdi: Çempionlar Liqasının finalları Münhen və Barselonada keçiriləcək

UEFA növbəti illərdə əsas klub turnirlərinin final qarşılaşmalarını qəbul edəcək şəhər və stadionları müəyyənləşdirib. Qərarlar qurumun Yunanıstanın Saloniki şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Əsas diqqət Çempionlar Liqasının 2028 və 2029-cu illərdəki finallarına yönəlib. 2028-ci ilin həlledici qarşılaşması Almaniyanın Münhen şəhərindəki “Fußball Arena München”də, 2029-cu ilin finalı isə Barselonadakı yenilənmiş “Kamp Nou” stadionunda keçiriləcək.

Münhendəki arena Çempionlar Liqasının finalını daha əvvəl 2012 və 2025-ci illərdə qəbul edib. “Kamp Nou” isə 2029-cu ildə 1999-cu ildən sonra ilk dəfə turnirin finalına ev sahibliyi edəcək. Barselona 2029-cu il finalı uğrunda mübarizədə Londonun “Uembli” stadionunu qabaqlayıb.

Avropa Liqası və Konfrans Liqasının final şəhərləri

UEFA Avropa Liqasının 2028-ci il finalı Buxarestdəki “Milli Arena”da keçiriləcək. Bir il sonra turnirin qalibi Belqraddakı “Milli Stadion”da müəyyənləşəcək.

Konfrans Liqasında 2028-ci ilin həlledici oyunu Turindəki “Yuventus Stadionu”na həvalə olunub. 2029-cu ildə isə final Budapeştin “Puşkaş Arena” stadionunda baş tutacaq.

Qadınlar arasında Çempionlar Liqasının 2028-ci il finalına Fransanın Lion-Desin şəhərindəki “Park Olimpik Lionne”, 2029-cu il finalına isə Kardiffdəki Uels Milli Stadionu ev sahibliyi edəcək.

Superkubok Amsterdam və Astanada keçiriləcək

UEFA Superkuboku uğrunda 2027-ci il qarşılaşmasının Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilməsi qərara alınıb. 2028-ci ildə isə bu matç Qazaxıstanın paytaxtı Astanadakı “Astana Arena”da təşkil olunacaq.

Futzal üzrə UEFA Çempionlar Liqasının 2027-ci il final mərhələsinin İsveçrənin Bil/Bien şəhərində keçirilməsi də təsdiqlənib.

İcraiyyə Komitəsi, həmçinin 2026/2027 mövsümü UEFA Millətlər Liqasının pley-off sistemində dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər 2028/2029 mövsümündən etibarən kişilər arasında milli komanda yarışlarının yenilənmiş formatına keçidlə əlaqədardır.

UEFA İcraiyyə Komitəsinin növbəti iclasının dekabrın 7-də Şimali İrlandiyanın Belfast şəhərində keçirilməsi nəzərdə tutulub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni