Azərbaycanın akrobatika gimnastikası üzrə milli komandasının üzvləri İtaliyanın Pezaro şəhərində keçirilən dünya çempionatına uğurlu başlayıblar. Təmsilçilərimiz təsnifat mərhələsində yüksək nəticələr göstərərək bir neçə proqram üzrə finala çıxıblar.
Yarışın ilk təsnifat günündə qadınlardan ibarət Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevanın yer aldığı qrup temp hərəkətləri proqramında 28,330 xal toplayıb. Azərbaycan gimnastları bu nəticə ilə təsnifatı birinci pillədə tamamlayaraq final mərhələsində iştirak hüququ qazanıblar.
Qadın qrupu 2026-cı ilin iyununda Bakıda keçirilən Dünya Kubokunda da uğurlu çıxış edərək qızıl medal əldə etmişdi.
Murad Rəfiyev və Daniel Abbasov da finaldadır
Kişi cütlüklərinin yarışında Azərbaycanı təmsil edən Murad Rəfiyev və Daniel Abbasov balans proqramında 28,550 xal qazanıblar. Təcrübəli gimnastlar təsnifat mərhələsində üçüncü nəticəni göstərərək həlledici mərhələyə yüksəliblər.
Rəfiyev və Abbasov Pezarodakı dünya çempionatına titul sahibləri kimi gəliblər. Azərbaycan cütlüyü 2024-cü ildə Portuqaliyanın Gimaraeş şəhərində keçirilmiş dünya çempionatında həm balans, həm də qarışıq hərəkətlər proqramında dünya çempionu olmuşdu. Onlar Pezarodakı yarışda iştirak edən yeganə hazırkı dünya çempionlarıdır.
Seymur Cəfərov və Rəsul Seyidli tandemi də Azərbaycan üçün final vəsiqəsi əldə edib. Gimnastlarımız temp hərəkətləri proqramında 26,200 xal toplayıblar. Onların qarışıq proqram üzrə ümumi göstəricisi isə 51,850 xal olub və bu nəticə cütlüyün finalçılar sırasına daxil olmasına imkan verib.
Pezaroda təşkil edilən turnir akrobatika gimnastikası üzrə 30-cu dünya çempionatıdır. Yarış sentyabrın 24-dən 27-dək Vitrifrigo Arenada keçirilir.





