Norveçin tanınmış dağ və treyl qaçışı idmançılarından İda Ameli Robsam Romsdalseggen dağ silsiləsində baş verən bədbəxt hadisə nəticəsində həyatını itirib. 30 yaşlı atlet yürüş zamanı yüksəklikdən yıxılıb.
Hadisə sentyabrın 19-da baş verib. Yerli polisə Romsdalseggen marşrutu ilə hərəkət edən turist qrupundakı şəxslərdən birinin sürüşərək bir neçə on metr aşağıya düşməsi barədə məlumat daxil olub.
İdmançını helikopterlə təxliyə ediblər
Hadisədən sonra əraziyə xilasedicilər cəlb olunub. Robsam xilasedici helikopter vasitəsilə dağlıq ərazidən təxliyə edilsə də, aldığı ağır xəsarətlər nəticəsində onun həyatını xilas etmək mümkün olmayıb.
İda Ameli Robsam son illərdə beynəlxalq dağ qaçışı yarışlarında sürətlə irəliləyən idmançılardan biri idi. O, cəmi dörd il əvvəl müntəzəm qaçış məşqlərinə başlamasına baxmayaraq, qısa müddətdə dünyanın güclü dağ qaçışçıları sırasında yer almağı bacarmışdı.
Norveçli atlet iyunun 28-də keçirilən Mont-Blanc Marathon yarışının 42 kilometrlik məsafəsini 4 saat 18 dəqiqə 28 saniyəyə başa vuraraq qadınlar arasında ikinci yeri tutmuşdu.
Robsam may ayında məşhur Zegama-Aizkorri dağ marafonunda 4 saat 28 dəqiqə 19 saniyə nəticə ilə dördüncü olmuşdu. Avqustun 27-də isə 60 kilometrlik OCC HOKA UTMB Mont-Blanc yarışında qadınlar arasında beşinci yeri tutmuşdu.
İdmançı şose yarışlarında da yüksək nəticələr göstərirdi. Onun klassik marafonda şəxsi rekordu 2025-ci ilin dekabrında Valensiyada qeydə aldığı 2 saat 29 dəqiqə 57 saniyə idi.





