Lando Norris sərt sözlərinə görə Kolapintodan üzr istədi

“McLaren” pilotu və Formula 1-in son dünya çempionu Lando Norris Azərbaycan Qran-prisindən sonra “Alpine” sürücüsü Franko Kolapinto haqqında səsləndirdiyi sərt fikirlərə görə üzr istəyib.

Bakıda keçirilən yarışın 36-cı dövrəsində, təhlükəsizlik avtomobilindən sonrakı restart zamanı Kolapinto birinci döngəyə daxil olarkən təkərlərini bloklayıb və komanda yoldaşı Pyer Qasli ilə toqquşub. Qaslinin bolidi daha sonra Norrisin “McLaren”inə dəyib. Nəticədə hər üç pilot yarışı başa vura bilməyib.

Stüardlar hadisədə Kolapintonu təqsirli hesab edərək ona 10 saniyəlik cəza veriblər. Argentinalı artıq mübarizəni dayandırdığı üçün bu sanksiya növbəti yarışın startında 5 mövqe geriləmə cəzasına çevrilib.

Norris əvvəlcə diskvalifikasiya tələb etmişdi

Qəzadan dərhal sonra emosiyalarını gizlətməyən britaniyalı pilot Kolapintonun daha ağır cəzalandırılmalı olduğunu bildirmişdi.

“Belə hadisəyə görə diskvalifikasiya verilməlidir. Bu, ban deməkdir. Qəza komandalar üçün çox baha başa gələcək. Onun idarəetmə tərzi Formula 1 səviyyəsində deyil”, – Norris söyləmişdi.

O, daha da irəli gedərək “bəzi pilotların Formula 1-də yeri olmadığını” demişdi.

Kolapinto isə hadisəyə görə məsuliyyəti üzərinə götürərək Qaslidən, Norris və “Alpine” komandasından üzr istəyib. Qəza baş verən anda hər iki “Alpine” pilotu xal zonasında idi.

Norris fikirlərinə görə üzr istədi

Bir neçə gün sonra Norris mövqeyini yumşaldaraq Kolapinto ilə şəxsən əlaqə saxladığını açıqlayıb.

“Yarışdan sonra Frankoya mesaj göndərərək söyləməməli olduğum fikirlərə görə üzr istədim. Emosiyalar yüksək idi, amma bu, bəhanə deyil. Mənim tərəfimdən yanlış idi”, – dünya çempionu bildirib.

Norris özünün də karyerası ərzində səhvlərə yol verdiyini və limitdə mübarizə apararkən belə halların avtoidmanın bir hissəsi olduğunu etiraf edib.

Britaniyalının sözlərinə görə, tərəflər məsələni arxada qoyublar: “Franko ilə anlaşdıq, yaxşı dost olaraq qalırıq və hər ikimiz yenidən yarışmağa hazırıq”.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni