Formula 1-də 2027-ci il mövsümündən etibarən yarışların strategiyasına ciddi təsir göstərə biləcək yeni şinlərdən istifadə planlaşdırılır. Pirelli daha yüksək aşınma səviyyəsinə malik şinlər üzərində işləyir və əsas məqsədlərdən biri iki pit-stoplu strategiyaları daha rəqabətli etməkdir.
The Race-ın məlumatına görə, 2026-cı ildə keçirilən ilk 15 Qran-prinin 9-da pilotların əksəriyyəti, o cümlədən yarış qalibləri bir pit-stoplu strategiyadan istifadə edib. Yeni yanaşma belə yarışların sayını azaltmağa və komandaların strategiya seçimlərini artırmağa hesablanıb.
Pirelli şinlərin aşınmasını artırmaq istəyir
Pirelli-nin Formula 1 üzrə baş mühəndisi Simone Berra şirkətin bu istiqamətdə məqsədyönlü sınaqlar apardığını bildirib.
“Ön şinlərdə daha çox aşınma yaratmaq üçün müxtəlif həlləri yoxladıq, arxa ox üçün də başqa variantları sınaqdan keçirdik”, – deyə Berra bildirib.
Mühəndisin sözlərinə görə, Pirelli şinlərin strukturunda dəyişikliklər etməklə daha çox istilik yaranmasına və nəticədə termal aşınmanın artmasına nail olmağa çalışır.
2027-ci il üçün yekun şin xüsusiyyətləri isə hələ müəyyənləşdirilməyib. Pirelli müxtəlif tərkibləri sınaqdan keçirməli və növbəti mövsüm üçün istifadə olunacaq şin diapazonunu seçməlidir.
Ferrari və Racing Bulls 400 dövrə qət edib
2027-ci il şinlərinin hazırlanmasında mühüm fərq Pirelli-nin artıq real 2026 bolidləri ilə işləyə bilməsidir. 2026-cı il şinləri hazırlanarkən şirkət əsasən xüsusi test avtomobillərindən və komandaların simulyasiya məlumatlarından istifadə edirdi.
İmolada keçirilən son sınaqlarda Ferrari və Racing Bulls birlikdə 400 dövrə qət ediblər. Ferrari adından Lyuis Hemilton, Şarl Lekler və Antonio Covinatsi, Racing Bulls-dan isə Liam Louson və Arvid Lindblad testlərdə iştirak ediblər.
Növbəti sınaqların oktyabrın ortalarında Fransanın Manyi-Kur trasında keçirilməsi planlaşdırılır. Burada süni suvarma sistemindən istifadə edilərək 2027-ci il üçün yağış şinləri yoxlanılacaq.
Daha yüksək aşınmalı şinlər nəzərdə tutulduğu kimi işləyərsə, komandalar yarış zamanı şinləri daha tez-tez dəyişmək məcburiyyətində qala və bir pit-stop əvəzinə iki və ya daha çox dayanacaqlı strategiyalar daha əlverişli ola bilər.





