“Kamp Nou” 2030-cu il dünya çempionatının finalına əsas namizədlərdən biri oldu

Yenidən qurulan “Kamp Nou” stadionu 2030-cu il FIFA Dünya Çempionatının final görüşünə ev sahibliyi etmək uğrunda əsas namizədlər sırasına daxil olub. Hazırda Barselona, Madrid və Kasablanka həlledici oyunu qəbul etmək üçün rəqabət aparan şəhərlər hesab olunur. Bununla belə, turnirin finalının keçiriləcəyi stadionla bağlı FIFA hələ rəsmi qərar verməyib.

“Kamp Nou”nun üstünlükləri artır

Məlumata görə, stadionun əsas üstünlüklərindən biri onun yenidənqurmadan sonra təxminən 105 min tamaşaçı tutumuna malik olmasıdır. Layihənin 2028-ci ilin ilk rübündə başa çatdırılması planlaşdırılır. Bu isə arenaya dünya çempionatına qədər iri beynəlxalq yarışlara ev sahibliyi etmək və bütün infrastrukturu tam hazır vəziyyətə gətirmək imkanı yaradacaq.

Bundan əlavə, “Kamp Nou”nun 2029-cu il UEFA Çempionlar Liqasının finalını qəbul etməsi də stadionun təşkilatçılıq imkanlarını nümayiş etdirmək baxımından mühüm üstünlük hesab olunur. Yenidənqurmadan sonra arena tutumuna görə İspaniyanın ən böyük stadionuna çevriləcək və bu göstəricidə “Santyaqo Bernabeu”nu geridə qoyacaq.

Qərar 2028-ci ildə veriləcək

Madrid böyük idman tədbirlərinin keçirilməsi təcrübəsi və inkişaf etmiş infrastrukturu sayəsində əsas favoritlərdən biri kimi qiymətləndirilir. Mərakeş isə Kasablankada inşa olunan və təxminən 115 min tamaşaçı tutumuna malik İkinci Həsən Böyük Stadionu ilə iddiasını davam etdirir.

“Barselona”nın prezidenti Joan Laporta da “Kamp Nou”nun dünya çempionatının finalına ev sahibliyi etməsinin klub və şəhər üçün tarixi hadisə olacağını bildirib. Onun fikrincə, stadionun müasir infrastrukturu və böyük tutumu belə mötəbər oyunun keçirilməsi üçün bütün tələblərə cavab verir.

Hazırda İspaniya Kral Futbol Federasiyası Madrid variantını dəstəkləsə də, FIFA finalın keçiriləcəyi stadionu hələ təsdiqləməyib. Gözlənilir ki, yekun qərar 2028-ci ildə açıqlanacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni