Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin növbəti uğuru qeydə alınıb. 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev bürünc medal uğrunda qarşılaşmada Braziliya təmsilçisi Daniel Karqninə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Bununla da milli komandanın ev sahibliyi etdiyi mundialdakı medal sayı artıb.
Məmmədəliyev medal yolunda mühüm qələbələr qazandı
Azərbaycan cüdoçusu yarışa uğurlu start verərək kanadalı Castin Lemiri və Böyük Britaniya təmsilçisi Etan Nairni məğlub edib. Dörddəbir finalda Fransa idmançısı Dayyan Bulemtapesə uduzan Məmmədəliyev mübarizəni təsəlliverici görüşlərdə davam etdirib.
O, italiyalı Leonardo Valerianini üstələyərək bürünc medal uğrunda döyüşə vəsiqə qazanıb və həlledici qarşılaşmada Daniel Karqnin üzərində qələbə ilə çıxışını medalla başa vurub.
Turnirin ilk günündə Əhməd Yusifov 60 kq çəki dərəcəsində qızıl medal qazanaraq Azərbaycan cüdosu tarixində böyüklər arasında dünya çempionatlarında dördüncü dünya çempionu olmuşdu. Rəşid Məmmədəliyevin bürünc medalı isə ev sahibliyi edilən mundialda komandanın növbəti uğuru kimi yadda qaldı.





