FIBA 2027 Dünya Kubokunun rəsmi talismanı təqdim olundu

2027-ci ildə Qətərdə keçiriləcək basketbol üzrə FIBA Dünya Kubokunun rəsmi talismanı ictimaiyyətə təqdim edilib. Beynəlxalq Basketbol Federasiyası turnirin simvolu olacaq “Suhail” adlı talismanı Qətərin paytaxtı Dohada nümayiş etdirib.

Yeni talismanın hazırlanmasında Körfəz regionunun tarixi, astronomiya ənənələri və müasir dizayn elementləri əsas götürülüb. “Suhail” həm bölgənin mədəni irsini, həm də beynəlxalq basketbol yarışının ruhunu əks etdirmək məqsədi daşıyır.

“Suhail” talismanının adı qədim ulduzdan götürülüb

Talisman adını əsrlər boyu Körfəz bölgəsində dənizçilərin, köçərilərin və mirvari dalğıclarının istiqamət müəyyənləşdirmək üçün istifadə etdikləri Süheyl ulduzundan alıb.

Qərb astronomiyasında Kanopus kimi tanınan bu ulduz bölgədə yay istilərinin zəifləməsinin və axşamların sərinləşməsinin rəmzi hesab olunur.

“Suhail”in dizaynında meteorit və ulduz parçalarından ilham alınıb. Onun görünüşündə kristal səthlər və metal elementlər diqqət çəkir. Süheyl ulduzunun turnir zamanı Qətər səmasında görünəcəyi gözlənilir.

Basketbol üzrə 20-ci FIBA Dünya Kuboku 27 avqust – 12 sentyabr 2027-ci il tarixlərində təşkil olunacaq.

Turnirdə ümumilikdə 32 milli komanda iştirak edəcək. Yarış tarixdə ilk dəfə Yaxın Şərqdə keçiriləcək və bütün qarşılaşmalar Dohada baş tutacaq.

FIBA 2027 Dünya Kubokunun rəsmi talismanı təqdim olundu

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni