İtaliyanın iki nəhəng futbol klubu – “Milan” və “İnter” birgə istifadə edəcəkləri yeni stadionun layihəsini təqdim ediblər. Müasir futbol arenasının “Generali Stadium” adlandırılması nəzərdə tutulur. Stadionun 2031/32 mövsümündə istifadəyə verilməsi planlaşdırılır.
Yeni kompleks hər iki klubun ev oyunlarına ev sahibliyi edəcək və tarixi “San-Siro” stadionunu əvəzləyəcək.
Yeni stadionun ad hüququ 650 milyon avroya satılıb
Arenanın adlandırma hüququnu İtaliyanın tanınmış sığorta şirkəti “Generali” əldə edib.
Yayılan məlumatlara əsasən, tərəflər arasında bağlanan müqavilə 2052-ci ilə qədər qüvvədə olacaq. Razılaşmanın ümumi dəyərinin təxminən 650 milyon avro olduğu bildirilir.
Yeni stadionun 71 500 tamaşaçı tutumuna malik olması nəzərdə tutulur. Layihədə tribunaların futbol meydançasına daha yaxın yerləşdirilməsi planlaşdırılıb. Bu dəyişiklik azarkeşlərin oyunları daha yaxından izləməsinə imkan yaradacaq.
Tikinti işlərinin 2031/32 mövsümünə qədər tamamlanması hədəflənir. Stadionun İtaliya və Türkiyənin birgə təşkil edəcəyi AVRO-2032 başlamazdan əvvəl hazır olması gözlənilir.
Tarixi “San-Siro” stadionunun taleyi necə olacaq?
Yeni arenanın inşası ilə əlaqədar “Milan” və “İnter”in uzun illərdir istifadə etdiyi “San-Siro”, digər adı ilə “Cüzeppe Meatsa” stadionunun gələcəyi də müəyyənləşir.
Mövcud plana əsasən, tarixi stadionun bir hissəsi söküləcək, onun ətrafındakı ərazi isə yenidən qurulacaq.
Lakin bu qərar bütün azarkeşlər tərəfindən müsbət qarşılanmayıb. Bəzi futbolsevərlər “San-Siro”nun tarixi və mədəni əhəmiyyətini əsas gətirərək arenanın qismən sökülməsinə etiraz edirlər.
Bununla belə, “Milan” və “İnter” yeni stadion layihəsi vasitəsilə uzunmüddətli infrastruktur planlarını həyata keçirməyə hazırlaşırlar.





