İspaniyalı müdafiəçi Serxio Ramos peşəkar karyerasının gələcəyi ilə bağlı önəmli bir qərar qəbul edib.
Sport-az.com “TyC Sports”a istinadən xəbər verir ki, 38 yaşlı futbolçu Argentinanın məşhur “Boka Xuniors” klubunun təklifini rədd edib. Klub Ramosu qış transfer pəncərəsində heyətinə qatmaq niyyətində idi. Hətta “Boka”nın baş məşqçisi, Ramosla “Real Madrid”də birgə forma geyinmiş Fernando Qaqo bu keçidin reallaşacağına ümid edirdi. Ancaq Serxio Ramos Argentina klubuna keçmək niyyətində olmadığını açıqlayıb.
Xatırladaq ki, Serxio Ramos peşəkar karyerasına başladığı “Sevilya” klubuna 2023-cü ilin yayında azad agent kimi geri qayıdıb. Daha əvvəl o, “Real Madrid” və Fransanın “Pari Sen-Jermen” klublarının uğurları üçün çalışıb. Ötən mövsüm “Sevilya”nın heyətində 37 oyuna çıxan təcrübəli müdafiəçi, 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.