Azərbaycan milli futbol komandası UEFA Millətlər Liqasının yeni mövsümünə uğursuz başladı. Baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında keçirilən ilk iki qarşılaşmada milli komanda həm İsveç, həm də Slovakiya qarşısında məğlub oldu. Komanda əvvəlcə evdə İsveçə 1:3, ardınca isə səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzdu. Bu məğlubiyyətlər, eləcə də son zamanlar U-17 və U-21 milli komandalarının uğursuz çıxışları Azərbaycan futbolundakı problemləri yenidən gündəmə gətirdi.
Sport-az.com-a müsahibə verən tanınmış futbol mütəxəssisi Vidadi Rzayev Azərbaycan milli komandasının çıxışını dəyərləndirərkən, Fernandu Santuşun baş məşqçi təyin edilməsinin yanlış qərar olduğunu vurğulayıb. O, millinin İsveç qarşısında pis oynamadığını etiraf etsə də, əcnəbi məşqçiyə ehtiyac olmadığını bildirib: “Mən həmişə demişəm ki, milliyə yerli məşqçi lazımdır. Aşağı yaş qruplarındakı problemlərin kökünü tapmadan, legionerlərlə və əcnəbi məşqçilərlə bu məsələləri həll etmək olmaz. 4 il vaxt versək belə, Santuşun komandası dünya və ya Avropa çempionatının final mərhələsinə çıxacaq – bu, inandırıcı deyil.”

Vidadi Rzayev futbolçu qıtlığının Azərbaycan milli komandasının əsas problemi olduğunu vurğulayıb: “Millətlər Liqasında sonuncuyuqsa, dünya çempionatında nə edəcəyimizi təsəvvür edin. Millidə olan futbolçuların çoxu artıq yaşlanıb və onları əvəz edəcək yeni oyunçular tapmaq çətindir.”
Rzayev Fernandu Santuşun Slovakiya ilə oyununda heyət seçimində ciddi səhvlərə yol verdiyini də qeyd edib: “Santuş İsveçlə oyundan sonra çoxsaylı dəyişikliklər etdi, bu da komandanın oyununa mənfi təsir göstərdi. İsveçlə matçda da ilk hissədə penaltini dəqiq yerinə yetirə bilmədik, rəqib isə ikinci hissədə güclü oynadı.”
Samir Əliyevin Premyer Liqada gənclərə az şans verilməsi ilə bağlı şikayətini dəyərləndirən Rzayev isə qeyd edib ki, aşağı liqalarda səviyyə artırılmalı, gənclərin inkişafı üçün daha çox maliyyə dəstəyi verilməlidir: “Aşağı liqaların səviyyəsini qaldırmaq vacibdir. 1-ci və 2-ci liqaların komandaları daha yaxşı maliyyə dəstəyi almalıdır. Hal-hazırda 300-500 manat maaşla oynayan futbolçulardan ciddi nəticələr gözləmək olmaz.”
Rzayev son olaraq vurğulayıb ki, problem xarici mütəxəssislərdə deyil, Azərbaycan futbolunun strukturunda və sistemindədir: “Futbolun inkişafı üçün aşağıdan yuxarıdək sistem dəyişməlidir. Əcnəbi məşqçilərə xərclənən milyonlarla vəsaitin faydası yoxdur, çünki əsas problem sistemin özündədir.”