Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün yeni reytinq siyahısını açıqlayıb.
“Qafqazinfo”nun verdiyi məlumata görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov 2733 reytinq xalı ilə bir pillə geriləyərək 18-ci yerdə qərarlaşıb.
Teymur Rəcəbov (2700) isə əvvəlki kimi 31-ci yerdə qalmağa davam edir. Rauf Məmmədov (2643) isə böyük irəliləyişlə 10 pillə yüksələrək 90-cı sıraya daxil olub. Aydın Süleymanlı (2637) isə ilk dəfə 100-cü pilləyə yüksələrək dünyanın ən yaxşı qrossmeysterləri arasında yer alıb.
Dünya reytinqində isə norveçli Maqnus Karlsen (2831) siyahının lideri olaraq qalır. ABŞ təmsilçisi Hikaru Nakamura (2802) ikinci, hindistanlı Arcun Eriqaisi (2797) isə üçüncü pillədə qərarlaşıb.
Azərbaycanın qadın şahmatçıları arasında Günay Məmmədzadə (2426) 34-cü, Gövhər Beydullayeva (2402) 45-ci, Ülviyyə Fətəliyeva (2383) 67-ci, Xanım Balacayeva (2362) isə 83-cü yerdə qərarlaşıb. Beydullayeva 8, Fətəliyeva isə 1 pillə irəliləyib.
Qadın şahmatçıların reytinqində ilk üçlük çinli idmançılar tərəfindən tutulub: Yifan Hou (2633), Venyun Yu (2563) və Zonqyi Tan (2551) ilk üçlükdədir.