Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin səkkiz üzvü yarımfinala yüksəlib. Bununla da yığmamız yarışda ən azı səkkiz bürünc medalı təmin edib.
Azərbaycan Boks Federasiyasının məlumatına görə, dörddəbir final mərhələsinin son günündə daha altı təmsilçimiz qələbə qazanaraq medalçılar sırasına qoşulub. Onlardan ikisi rəqibini vaxtından əvvəl məğlub edib.
Azərbaycan boksçularının dörddəbir final nəticələri
Cəmilə Muradlı (57 kq) çexiyalı Rozali Uhrova üzərində 4:1 hesablı qələbə qazanıb. Həsrət Məmmədov (46 kq) isə slovakiyalı Kristian Mezesi cəmi 79 saniyəyə məğlub edərək yarımfinala yüksəlib.
Digər görüşlərdə İsmayıl Nəsirzadə (52 kq) israilli Qleb Qrinblatı, Qardaş Rəhimov (54 kq) isə belaruslu Mikita Beskaravainını eyni hesabla – 5:0 məğlub edib.
Məhəmmədəli İstamov (57 kq) yunanıstanlı Eleftherios Zurnatsisə qarşı ilk iki raundda üstün olub. Bundan sonra rəqibin məşqçisi döyüşü davam etdirməkdən imtina edib.
Hidayət Məmmədov (70 kq) isə rusiyalı Sandro Tsimtsbanı ilk raundda nokautla məğlub edib.
Yarımfinalda Azərbaycan boksçularının rəqibləri
Finala vəsiqə uğrunda keçiriləcək görüşlərdə təmsilçilərimiz aşağıdakı rəqiblərlə qarşılaşacaqlar:
- Cəmilə Muradlı (57 kq) – Morena Stifani (İtaliya)
- Həsrət Məmmədov (46 kq) – Ronan Çarlz (İrlandiya)
- İsmayıl Nəsirzadə (52 kq) – Martin Nevin (İrlandiya)
- Qardaş Rəhimov (54 kq) – Strahinya Mrdak (Monteneqro)
- Məhəmmədəli İstamov (57 kq) – Nikita Zaxarçenko (Ukrayna)
- Hidayət Məmmədov (70 kq) – Paddi Nevin (İrlandiya)
Daha əvvəl Səma Abbasova (66 kq) və Xumar Cəfərli (+80 kq) də yarımfinala yüksələrək medal qazanmaq hüququ əldə ediblər.
Qeyd edək ki, Budvada təşkil olunan çempionatda 40 ölkədən 473 boksçu iştirak edir. Yarımfinal qarşılaşmaları oktyabrın 9-da, həlledici döyüşlər isə oktyabrın 11-də keçiriləcək.





