Azərbaycan Taekvondo Federasiyasının Demo komandası avqustun 8-də paytaxt sakinləri üçün xüsusi nümayiş proqramı ilə çıxış edəcək. Tədbir 2026 – “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunacaq və saat 18:00-da metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən “Antena” parkında baş tutacaq. Bu təşəbbüs idmanın təbliği və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyır.
Federasiyanın Demo komandası proqram çərçivəsində taekvondonun ən maraqlı elementlərini nümayiş etdirəcək. Tamaşaçılar müxtəlif döyüş texnikaları, yüksək çətinlik dərəcəsinə malik zərbələr, akrobatik elementlərlə zəngin çıxışlar və xüsusi hazırlanmış şou proqramını izləmək imkanı əldə edəcəklər. Tədbir bütün yaş qrupları üçün açıq olacaq və iştirak ödənişsizdir.
Peşəkar idmançılar bacarıqlarını nümayiş etdirəcəklər
Demo komandası uzun illərdir müxtəlif idman və ictimai tədbirlərdə çıxış edərək taekvondonun ölkədə daha geniş tanıdılmasına töhfə verir. Oxşar açıq nümayiş proqramları əvvəlki illərdə də böyük maraqla qarşılanıb və xüsusilə gənclərin bu idman növünə marağının artmasına müsbət təsir göstərib.
Federasiya bu dəfə də paytaxt sakinlərini və şəhərin qonaqlarını tədbirə qatılmağa dəvət edir. Nümayiş proqramı zamanı peşəkar idmançılar sinxron hərəkətlər, sürətli kombinasiyalar və taekvondonun texniki imkanlarını əks etdirən müxtəlif çıxışlar təqdim edəcəklər. Təşkilatçılar hesab edirlər ki, belə tədbirlər həm idmanın kütləviləşməsinə, həm də sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verir.




