Məğlubedilməz azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurovun növbəti parlaq qələbəsi onun gələcək karyerası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xarici döyüş mediasında əsas sual budur: dünyanın ən perspektivli yüngül çəkili idmançılarından biri hesab edilən Çopurov niyə hələ də UFC-də çıxış etmir?
Azərbaycan təmsilçisi Əbu-Dabidə keçirilən “UAE Warriors 72” turnirinin əsas döyüşündə avstraliyalı Ris Maklareni cəmi 63 saniyəyə nokaut edərək çempionluq kəmərini qoruyub. Maklaren görüşə fəal başlayaraq kombinasiyalar və ayaqlara zərbələrlə irəli atılsa da, Çopurov soyuqqanlılığını qoruyub. Rəqib növbəti dəfə hücuma keçərkən azərbaycanlı döyüşçü onu dəqiq sağ zərbə ilə qarşılayaraq nokauta salıb. Bu, Çopurovun kəmərini üçüncü uğurlu müdafiəsi olub.
Qələbənin əhəmiyyətini rəqibin təcrübəsi daha da artırır. Maklaren ONE Championship-də 17 döyüş keçirib, çempionluq görüşündə iştirak edib və Çopurovla qarşılaşmaya üç qələbəlik seriya ilə çıxıb. Ciddi sınaq olacağı gözlənilən döyüş isə bir dəqiqədən bir qədər çox davam edib.
ABŞ mediası Çopurovu UFC üçün hazır hesab edir
Amerikanın MMA Mania nəşri nəticəyə xüsusi diqqət ayıraraq Çopurovu UFC-dən kənarda çıxış edən ən güclü yüngül çəkili perspektivlərdən biri adlandırıb. Döyüşdən sonra onun peşəkar rekordu 11 qələbə və 0 məğlubiyyətə yüksəlib. Bu qələbələrin 10-u vaxtından əvvəl başa çatıb: azərbaycanlı idmançı beş dəfə nokaut, beş dəfə isə sabmişn yolu ilə qalib gəlib. O, peşəkar karyerasında mənfi qələbə-məğlubiyyət balansına malik heç bir rəqiblə qarşılaşmayıb. Regional səviyyədə çıxış edən gənc döyüşçü üçün bu, nadir göstərici hesab olunur.
Xarici media Çopurovun iyunda təşkil olunan Bakı turnirinə dəvət almamasını da təəccüblə qarşılayıb. UFC həmin yarış ərəfəsində bir neçə yeni döyüşçü ilə müqavilə bağlasa da, Azərbaycan təmsilçisi siyahıda yer almayıb. Maklaren üzərindəki qələbədən sonra ekspertlər hesab edirlər ki, Çopurovun əlavə keçid döyüşünə ehtiyacı yoxdur və o, birbaşa UFC-yə qoşulmağa hazırdır.
Bu fikir yalnız bir nəşrə aid deyil. MMA Prospect Vault Çopurovu dünyanın ən yaxşı perspektivli döyüşçülərindən biri və öz reytinqinin bir nömrəsi kimi təqdim edib. Onun güləş bacarığı, parterdə işi və sürətlə inkişaf edən zərbə texnikası xüsusilə qeyd olunub. Nəşr azərbaycanlı idmançını iyul ayının UFC-yə tam hazır beş döyüşçüsü sırasına da daxil edib.
Combat Press isə Çopurovu ikinci il ardıcıl olaraq UFC-nin müqavilə bağlamalı olduğu yüngül çəkili döyüşçülər siyahısına salıb. Onun tanınmış azərbaycanlı kikboksçu Çingiz Allazovun komandası ilə məşqlərdən sonra ayaqüstə döyüşdə ciddi irəliləyiş göstərdiyi vurğulanıb.
Maklarenlə görüşün final epizodu ABŞ MMA ictimaiyyətində ayrıca təhlil olunub. Çopurov döyüş ərzində bir neçə dəfə duruşunu dəyişərək sağdan sola keçib və rəqibi daim uyğunlaşmağa məcbur edib. Avstraliyalı hücuma atıldığı anda isə onu dəqiq sağ zərbə ilə qarşılayıb. Sosial platformalardakı MMA icmaları da azərbaycanlı döyüşçünün artıq UFC səviyyəsinə çatdığını bildiriblər.
UFC, yoxsa Məhəmməd Mokayevlə böyük döyüş?
Çopurov qələbədən sonra karyerasının növbəti mərhələsi üçün başqa variant da təklif edib. O, yenidən keçmiş UFC döyüşçüsü Məhəmməd Mokayevi qarşılaşmaya çağırıb. “UAE Warriors” komandasının nümayəndəsi də bu ideyaya müsbət münasibət göstərib.
Çopurov və Mokayev arasında mümkün döyüş ilk dəfə 2024-cü ildə müzakirə olunmağa başlayıb. Azərbaycanlı idmançı “RCC 20” turnirində Nikita Mixaylovu məğlub etdikdən sonra UFC-dən ayrılan Mokayevlə görüşmək istədiyini açıq şəkildə bildirmişdi.
Həmin ilin noyabrında Çopurov məsələni sadəcə qarşılıqlı çağırış kimi deyil, real danışıqlar kimi təqdim etmişdi. Onun sözlərinə görə, BRAVE CF təşkilatı qarşılaşmanın təşkili üzərində işləyirdi. Çopurov Mokayevin əvvəlcə başqa bir döyüş keçirəcəyini, onların görüşünün isə növbəti il baş tuta biləcəyini düşünürdü.
Lakin tərəflər razılığa gələ bilmədilər. 2025-ci ilin yazında Çopurov bildirdi ki, Mokayev BRAVE CF-də xüsusi şərtlərə malikdir və bir çox təşkilati məsələnin öz istəklərinə uyğun həllini tələb edir. Azərbaycanlı döyüşçü həmin vaxt mövqeyini belə ifadə etmişdi: “Mənim öz yolum var”.
Buna görə də Maklaren üzərində qələbədən sonra edilən yeni çağırış xüsusi maraq doğurur. Çopurov bir ildən artıq müddətdən sonra əvvəllər faktiki olaraq imtina etdiyi döyüş mövzusunu yenidən gündəmə gətirib.
Bu müddətdə Mokayev də karyerasını uğurla davam etdirib. O, 2024-cü ilin yayında UFC-dən qeyri-adi şəraitdə ayrılıb. Mokayev təşkilatda keçirdiyi yeddi döyüşün hamısında qalib gəlsə də, Manel Kape üzərində hakimlərin qərarı ilə qazandığı son qələbədən sonra UFC onunla müqaviləni yeniləməyib.
Mokayev UFC-dən ayrıldıqdan sonra da məğlub olmayıb. O, iyunda keçirilən “WOW 31” turnirində Xorxe Kalvonu bir dəqiqədən az müddətdə məğlub edərək rekordunu 17-0-a çatdırıb. UFC-dən ayrıldıqdan sonrakı dörd döyüşünün hamısını qazanan idmançı bu qələbələrin üçünü vaxtından əvvəl əldə edib və dünyanın ən böyük MMA təşkilatına qayıtmaq istədiyini gizlətməyib.
Beləliklə, maraqlı vəziyyət yaranıb: Çopurov və Mokayev məğlubedilməzdirlər, hər ikisi UFC səviyyəsinə yaxın hesab olunur, lakin müxtəlif səbəblərə görə hələ də təşkilatdan kənarda çıxış edirlər.
Mokayev üzərində mümkün qələbə Çopurovun UFC ilə müqavilə bağlaması üçün daha bir güclü arqument ola bilər. Digər tərəfdən, Maklaren kimi keçmiş ONE titul iddiaçısını cəmi 63 saniyədə nokaut etdikdən sonra ekspertlər artıq başqa sual verirlər: Çopurovun UFC-dən kənarda daha bir döyüş keçirməsinə həqiqətən ehtiyac varmı?
Hazırda azərbaycanlı döyüşçünün qarşısında iki əsas ssenari dayanır: UFC-yə çoxdan gözlənilən keçid və ya tarixi 2024-cü ildən başlayan Məhəmməd Mokayev qarşılaşmasının təşkil olunması.




