Maqnus Karlsen Şahmat Olimpiadasını buraxacaq – Norveç heyəti açıqlandı

Norveç Şahmat Federasiyası 2026-cı ildə Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şahmat Olimpiadası üçün milli komandanın heyətini açıqlayıb. Siyahıda dünya reytinqinin lideri və beşqat dünya çempionu Maqnus Karlsenin adının yer almaması turnirin ən diqqətçəkən xəbərlərindən biri olub. Bununla da norveçli qrossmeyster sentyabrda keçiriləcək mötəbər yarışda iştirak etməyəcək.

Norveç yığması açıq kateqoriyada Yuhan-Sebastyan Kristiansen, Elham Amar, Frode Olav Ulsen Urkedal, Tor Fredrik Kaasen və Aksel Bu Kvalöylə təmsil olunacaq. Karlsen son illərdə klassik şahmat turnirlərində iştirakını məhdudlaşdırsa da, onun olimpiada heyətindən kənarda qalması şahmat ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Fransa da əsas ulduzundan məhrum olacaq

Səmərqənddə keçiriləcək Olimpiadada yalnız Norveç deyil, Fransa millisi də aparıcı şahmatçılarından birinin xidmətindən yararlana bilməyəcək. Dünya şahmatının tanınmış simalarından olan Əlirza Firuzca da komandanın heyətində yer almayacaq. Fransa Şahmat Federasiyası daha əvvəl qrossmeysterin bu ilki Olimpiadada çıxış etməyəcəyini rəsmən təsdiqləyib.

2026-cı il Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 15-də Səmərqənddə keçiriləcək. Yarışlara isə sentyabrın 16-da start veriləcək və mübarizə ayın 27-dək davam edəcək. Dünyanın ən güclü şahmatçılarını bir araya gətirəcək turnirdə Karlsen və Firuzcanın yoxluğu əsas müzakirə mövzularından biri hesab olunur.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni