UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün pley-off mərhələsinə bu gün start verilir. Liqa mərhələsinə yüksəlmək uğrunda son təsnifat raundunun ilk oyun günündə üç maraqlı qarşılaşma keçiriləcək. Bu mərhələnin qalibləri turnirin əsas mərhələsinə vəsiqə qazanacaq, məğlub olan komandalar isə UEFA Avropa Liqasının liqa mərhələsində mübarizəni davam etdirəcəklər.
İlk oyun gününün diqqət mərkəzində Türkiyənin “Fənərbağça” klubu olacaq. İstanbul təmsilçisi öz meydanında Fransa nəhəngi “Olimpik Lion”u qəbul edəcək. Günün digər görüşlərində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Norveçin “Vikinq” kollektivini, Bolqarıstan çempionu “Levski” isə Yunanıstanın AEK klubunu sınağa çəkəcək. Hər üç qarşılaşmanın Bakı vaxtı ilə saat 23:00-da başlaması nəzərdə tutulub.
Pley-off mərhələsinin digər dörd oyunu avqustun 19-da keçiriləcək. Azərbaycan çempionu “Sabah” da həmin gün ilk matçına çıxacaq. Təmsilçimiz İsrail çempionu “Hapoel Beer Şeva” ilə üz-üzə gələcək. Təhlükəsizlik səbəbindən qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu isə avqustun 25-də Azərbaycanda keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
18 avqust
- 23:00. Dinamo Zaqreb (Xorvatiya) – Vikinq (Norveç)
- 23:00. Levski (Bolqarıstan) – AEK (Yunanıstan)
- 23:00. Fənərbağça (Türkiyə) – Olimpik Lion (Fransa)
19 avqust
- 23:00. Hapoel Beer Şeva (İsrail) – Sabah (Azərbaycan) (Buxarest, Rumıniya)





