Futbol üzrə 2026-cı il dünya çempionatında ilk finalçının adına bu gün aydınlıq gələcək. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın yarımfinal mərhələsinin ilk oyununda Avropanın iki nəhəng komandası – Fransa və İspaniya milliləri qarşılaşacaq.
Arlinqton şəhərində yerləşən AT&T Stadiumda keçiriləcək görüş turnirin ən çox gözlənilən matçlarından biri hesab olunur. Qarşılaşmada diqqətlər həm də Fransa millisinin lideri Kilian Mbappe ilə İspaniyanın gənc ulduzu Lamin Yamalın mümkün duelinə yönələcək. Fransa ardıcıl üçüncü dəfə dünya çempionatının finalına yüksəlmək uğrunda mübarizə aparacaq, son Avropa çempionu İspaniya isə növbəti dəfə böyük turnirin həlledici oyununa vəsiqə qazanmağa çalışacaq.
Hər iki komanda finala bir addım qalıb
Fransa seçməsi mundialda indiyədək keçirdiyi bütün oyunlarda qələbə qazanıb. Komanda qrup mərhələsində Seneqal, İraq və Norveçi məğlub edib. Pley-offda isə İsveç, Paraqvay və Mərakeş səddini adlayaraq yarımfinala yüksəlib.
İspaniya isə turnirə Kabo-Verde ilə qolsuz heç-heçə ilə başlasa da, daha sonra ardıcıl qələbələr qazanıb. Luis de la Fuente’nin komandası qrup mərhələsində Səudiyyə Ərəbistanı və Uruqvayı üstələyib, pley-offda isə Avstriya, Portuqaliya və Belçikanı mübarizədən kənarlaşdırıb. Belçikaya qarşı 1/4 final matçında ehtiyat oyunçular skamyasından meydana daxil olan Mikel Merino yenidən həlledici qolu vuraraq komandasına qələbə qazandırıb.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Oyunun qalibi iyulun 19-da keçiriləcək dünya çempionatının finalında İngiltərə – Argentina cütünün qalibi ilə qarşılaşacaq.
Yarımfinal görüşünü Salvador təmsilçisi İvan Barton idarə edəcək.
Son qarşılaşmalarda üstünlük İspaniyadadır
Komandaların son dörd rəsmi və yoldaşlıq görüşünün statistikası İspaniyanın üstünlüyünü göstərir. Bu qarşılaşmaların üçündə İspaniya qalib gəlib, Fransa isə yalnız bir dəfə qələbə qazana bilib.




