2026-cı il dünya çempionatında daha iki maraqlı qarşılaşma baş tutub. Qətər millisi İsveçrə ilə oyunda son dəqiqələrdə məğlubiyyətdən xilas olub, Braziliya isə Mərakeşlə görüşdə üstünlüyü ələ ala bilməyərək meydandan heç-heçə ilə ayrılıb.
Qətərdən son dəqiqə möcüzəsi
B qrupunun ilk turunda Qətər və İsveçrə milliləri üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
İsveçrə oyuna daha fəal başlayıb və 17-ci dəqiqədə önə keçib. Komandanın qazandığı penaltini Breel Embolo dəqiq yerinə yetirərək hesabı açıb. Bundan sonra qətərlilər bərabərlik qolu üçün irəli atılsalar da, rəqib müdafiəsini yarmaqda çətinlik çəkiblər.
Matç artıq İsveçrənin qələbəsi ilə yekunlaşacaq kimi görünürdü. Lakin əlavə olunmuş vaxtın dördüncü dəqiqəsində müdafiəçi Buəlem Xuxi hava mübarizəsində rəqibini üstələyərək topu qapıdan keçirib və komandasına vacib bir xal qazandırıb.
DÇ-2026, B qrupu, I tur
Qətər – İsveçrə 1:1
Qollar: Buəlem Xuxi, 90+4 – Breel Embolo, 17 (pen.)
Bu nəticədən sonra B qrupunda Kanada, Bosniya və Herseqovina, Qətər və İsveçrə ilk turu bir xalla başa vurublar.
Vinisius Braziliyanı məğlubiyyətdən qurtardı
C qrupunun diqqətçəkən qarşılaşmalarından biri ABŞ-ın İst-Raterford şəhərində yerləşən “MetLife Stadium”da Braziliya və Mərakeş milliləri arasında keçirilib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Mərakeş futbolçuları oyuna çox sürətli başlayıblar və 21-ci dəqiqədə istəklərinə çatıblar. İsmael Saybari müdafiənin səhvindən yararlanaraq hesabı açıb. Buraxılan qoldan sonra Braziliya oyuna nəzarəti ələ almağa çalışıb.
Komandanı çətin vəziyyətdən Vinisius Junior çıxarıb. Madrid “Real”ının ulduzu 32-ci dəqiqədə fərdi ustalığını nümayiş etdirərək hesabı bərabərləşdirib. İlk hissə yüksək tempdə keçsə də, fasilədən sonra hər iki komanda daha ehtiyatlı oynayıb və hesab dəyişməyib.
DÇ-2026, C qrupu, I tur
Braziliya – Mərakeş 1:1
Qollar: Vinisius Junior, 32 – İsmael Saybari, 21
Beləliklə, həm B, həm də C qrupunda ilk turun oyunları gərgin mübarizə və sürpriz nəticələrlə yadda qalıb. Xüsusilə Qətərin son saniyələrdə qazandığı xal və Mərakeşin Braziliyaya qarşı inamlı oyunu mundialın marağını daha da artırıb.




