2026-cı il dünya çempionatının üçüncü yer uğrunda keçirilən qarşılaşması turnirin ən yaddaqalan oyunlarından biri oldu. Mayamidə yerləşən Hard Rock Stadiumda baş tutan matçda İngiltərə və Fransa azarkeşlərə əsl qol şousu təqdim etdilər. Tomas Tuxelin komandası dramatik görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxdı.
İngiltərə ilk hissədə üstün oyun nümayiş etdirərək rəqib qapısından dörd cavabsız top keçirdi. Deklan Rays erkən hesabı açdı, Ezri Konsa fərqi artırdı, Bukayo Saka isə fasiləyədək iki dəfə fərqləndi. İkinci hissədə Fransa oyuna qayıtmağa çalışdı.
Kilian Mbappe iki qol vurdu, Bredli Barkola və Usman Dembele də hesabı dəyişsələr də, fransızların kambeki baş tutmadı. Saka penaltidən üçüncü qolunu vuraraq het-trikini tamamladı, Cud Bellinqem isə əlavə olunmuş vaxtda İngiltərənin altıncı qolunu qeyd etdi.
Bu görüş həm də Fransa millisinin baş məşqçisi Didye Deşamın komandadakı son oyunu oldu. Mbappenin dublu isə ona dünya çempionatları tarixində ən çox qol vuran futbolçu olmaq imkanı verdi və o, turnirin bombardir yarışında liderliyini möhkəmləndirdi.
Dünya çempionatları tarixində altıncı 10+ qolluq oyun
İngiltərə – Fransa qarşılaşması dünya çempionatları tarixində 10 və ya daha çox qolun vurulduğu cəmi altıncı matç kimi tarixə düşdü. Eyni zamanda bu nəticə mundialların üçüncü yer uğrunda oyunları arasında ən məhsuldar qarşılaşma oldu.
Dünya çempionatları tarixinin ən məhsuldar oyunları:
- 12 qol – 1954: Avstriya – İsveçrə 7:5
- 11 qol – 1938: Braziliya – Polşa 6:5
- 11 qol – 1954: Macarıstan – AFR 8:3
- 11 qol – 1982: Macarıstan – Salvador 10:1
- 10 qol – 1958: Fransa – Paraqvay 7:3
- 10 qol – 2026: İngiltərə – Fransa 6:4
2026 Dünya Çempionatı
Üçüncü yer uğrunda oyun
Fransa – İngiltərə – 4:6
Qollar: Mbappe, 48, 66; Barkola, 54; Dembele, 90+6 – Rays, 3; Konsa, 18; Saka, 37, 45+1, 87 (pen.); Bellinqem, 90+8.




