“Oklahoma”nın transferi NBA-da görünməmiş vəziyyət yaratdı

“Oklahoma Siti Tander” yay transfer dövründə maliyyə çevikliyini artırmaq istiqamətində növbəti addımını atıb. Klub müdafiəçi Lu Dortu “Atlanta Hoks”a göndərdiyi üçtərəfli mübadilə sayəsində maaş büdcəsini azaltmaqla yanaşı, NBA tarixində ilk dəfə yaşanacaq bir vəziyyətin formalaşmasına da səbəb olub.

Yahoo Sports-un məlumatına görə, Lu Dortun “Atlanta”ya keçidi ilə “Oklahoma” liqanın sərt maliyyə məhdudiyyətlərindən biri sayılan ikinci apronun (second apron) altına enə bilib. Maaş limiti üzrə ekspert Yossi Qozlan bildirib ki, bunun nəticəsində 2026/27 mövsümünə proqnozlara əsasən ikinci apron həddini aşan heç bir NBA komandası qalmayıb. Onun sözlərinə görə, bu qayda tətbiq olunduqdan sonra ilk dəfə belə vəziyyət yaranacaq.

Qozlan əlavə edib ki, bu statistika mövsümün əvvəlində dəyişə bilər. Onun fikrincə, “Denver Naggets” Peyton Uotsonla yeni müqavilə imzalayacağı halda qısa müddətlik ikinci apronun üzərinə çıxa bilər, lakin sonradan yenidən maaş limitini tənzimləyərək həmin həddin altına enməsi gözlənilir.

“Oklahoma” maaş yükünü azaltmağa davam edir

Lu Dortun transferi “Oklahoma”nın bu yay həyata keçirdiyi ilk maaş optimallaşdırması deyil. Klub daha əvvəl İsaya Conu “Detroit Pistons”a, Aaron Uiqginsi isə “Atlanta Hoks”a göndərərək büdcədə əlavə yer açmışdı. Son üç transfer nəticəsində komanda həm ikinci apron məhdudiyyətindən çıxıb, həm də gələcək heyətin formalaşdırılması üçün daha geniş maliyyə imkanları əldə edib. Bununla yanaşı, “Thunder” mübadilələr nəticəsində yeddi ikinci raund draft seçimi və təxminən 17 milyon dollarlıq ticarət istisnası (trade exception) qazanıb.

Lu Dortun “Atlanta”ya keçdiyi üçtərəfli razılaşmada “Dallas Mavericks” də iştirak edib. Müqaviləyə əsasən, “Oklahoma” gələcək ikinci raund draft seçimləri əldə edib, “Atlanta” Lu Dort və Rayan Nembhardı heyətinə qatıb, “Dallas” isə 2024-cü il draftının bir nömrəsi Zakari Rizaşeri transfer edib.

Dərin heyət rəhbərliyə rahat qərarlar verməyə imkan yaradıb

“Oklahoma” son illərdə formalaşdırdığı geniş və rəqabətqabiliyyətli heyət hesabına rotasiya oyunçularından ayrılmaq imkanına malik olub. Gənc basketbolçuların inkişafı və ehtiyat oyunçuların uğurlu çıxışı rəhbərliyə Lu Dort, İsaya Co və Aaron Uiqgins kimi vacib basketbolçularla yolları ayırmağa şərait yaradıb.

Klub rəhbərliyi hesab edir ki, qısamüddətli itkilər gələcək illərdə komandanın çempionluq uğrunda mübarizəsini davam etdirməsi üçün maliyyə baxımından daha dayanıqlı model qurmağa kömək edəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni