Qusarda 16 yaşadək şahmatçılar arasında Respublika Olimpiadasına start verildi

Qusar şəhərində 16 yaşadək şahmatçılar arasında Respublika Olimpiadasının açılış mərasimi keçirilib. Gənc zəka sahiblərini bir araya gətirən yarışın ilk günündə iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Açılış mərasimində çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Məmmədxanov yarış iştirakçılarını və qonaqları salamlayaraq onlara uğurlar arzulayıb. O bildirib ki, növbəti doqquz gün ərzində Qusar respublikanın müxtəlif bölgələrindən gələn gənc şahmatçıların mübarizəsinə ev sahibliyi edəcək və şəhər əsl idman bayramı ab-havasını yaşayacaq.

Yarış 11 turdan ibarət olacaq

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov çıxışında qeyd edib ki, gələcəyin güclü qrossmeysterləri məhz bu cür kütləvi yarışlarda formalaşır və ilk böyük təcrübələrini burada qazanırlar. Onun sözlərinə görə, Qusarda keçirilən Respublika Olimpiadası iştirakçıların yaddaşında unudulmaz iz buraxacaq.

Baş hakim Azər İbrahimov isə yarışın reqlamenti barədə məlumat verib. Bildirilib ki, avqustun 11-dək davam edəcək olimpiada A və B qruplarında ümumilikdə 11 tur üzrə keçiriləcək.

Yarış iki yaş kateqoriyası üzrə təşkil olunub:

  • A qrupu – 2010–2015-ci il təvəllüdlü (11–16 yaş) şahmatçılar;
  • B qrupu – 2016-cı il və daha sonra anadan olmuş (10 yaş və aşağı) iştirakçılar.

Respublika Olimpiadasının əsas məqsədi gənc şahmatçıların yarış təcrübəsini artırmaq, onların potensialını üzə çıxarmaq və gələcək beynəlxalq turnirlər üçün perspektivli idmançıların müəyyənləşdirilməsinə töhfə verməkdir.

Qusarda 16 yaşadək şahmatçılar arasında Respublika Olimpiadasına start verildi

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni