Rəşid Məmmədəliyev Lozanna “Böyük Dəbilqə”sində 1/8 finala yüksəldi

İsveçrənin Lozanna şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin mübarizəsi davam edir. Yarışın ikinci günündə 73 və 81 kq çəki dərəcələrində kişilər, 63 və 70 kq-da isə qadınlar tatamiyə çıxırlar.

Azərbaycan təmsilçisi Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində uğurlu start götürüb. O, 1/16 final mərhələsində İsrail cüdoçusu Ohad Moritzi məğlub edərək turnirin 1/8 finalına vəsiqə qazanıb.

Azərbaycan cüdoçularının ikinci gündə nəticələri

Eyni çəki dərəcəsində mübarizə aparan Kamran Süleymanov turnirə 1/32 finaldan başlayıb. Azərbaycan cüdoçusu ilk görüşündə Portuqaliya təmsilçisi Otari Kvantidzeyə qalib gəlib. Süleymanov növbəti – 1/16 final qarşılaşmasında məğlub olaraq mübarizəni dayandırıb.

81 kq-da çıxış edən Vüsal Qələndərzadə üçün də Lozanna turniri erkən başa çatıb. Azərbaycan millisinin üzvü ilk qarşılaşmasında məğlubiyyətlə üzləşərək medal uğrunda mübarizədən kənarda qalıb.

İkinci yarış günündə Azərbaycanı daha iki cüdoçu təmsil edir. Südabə Ağayeva 70 kq çəki dərəcəsində braziliyalı Luana Karvalyo ilə qarşılaşmalı, 81 kq-da Ömər Rəcəbli isə mübarizəyə 1/16 finaldan başlamalıdır.

Azərbaycan Lozannada 14 cüdoçu ilə təmsil olunur

Turnirin ilk günündə Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Turan Bayramov (hər ikisi 66 kq), eləcə də Leyla Əliyeva və Gültac Məmmədəliyeva medal qazana bilməyiblər.

Azərbaycan Lozannadakı “Böyük Dəbilqə”də ümumilikdə 9 çəki dərəcəsində 14 cüdoçu – 10 kişi və 4 qadınla iştirak edir. Yarış Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına gedən kvalifikasiya prosesində reytinq xalları baxımından əhəmiyyət daşıyır.

Avqustun 28-də başlayan və İsveçrədə ilk dəfə təşkil olunan Lozanna “Böyük Dəbilqə”si avqustun 30-da başa çatacaq. Yarışlar Vaudoise Arena-da keçirilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni