Şəhriyar Məmmədyarov Daşkənd turnirini ilk beşlikdə başa vurdu

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən nüfuzlu “UzChess Cup” beynəlxalq şahmat festivalına yekun vurulub. Turnirin əsas – “Masters” kateqoriyasında Azərbaycanı təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarov yarışın son turunda heç-heçə edərək ilk beşlikdə qərarlaşıb.

10 güclü şahmatçının mübarizə apardığı turnirdə Məmmədyarov son görüşdə rusiyalı Yan Nepomnyaşi ilə xalları yarı bölüb. Bu nəticədən sonra təcrübəli qrossmeyster aktivinə 5 xal yazdıraraq yekun sıralamada 5-ci pillədə yer alıb.

Turnir ərzində Şəhriyar Məmmədyarov bir sıra güclü rəqiblərlə üz-üzə gəlib. Azərbaycanlı şahmatçı Hindistan təmsilçisi Santoş Vidit, yunanıstanlı Nikolaos Teodoru və özbəkistanlı Nodirbek Yakubboev üzərində qələbə qazanıb.

O, Arjun Eriqaisi, Hans Niman və Şəmsiddin Vahidovla heç-heçə edib. Bununla yanaşı, Nodirbek Abdusattorov və Muxiddin Madaminovla görüşlərdə məğlubiyyətlə üzləşib. Bu nəticələr Məmmədyarovun turniri 5 xalla başa vurmasına səbəb olub.

Muradlı çempionluğu vaxtından əvvəl rəsmiləşdirdi

Şəhriyar Məmmədyarov Daşkənd turnirini ilk beşlikdə başa vurdu

Festival çərçivəsində keçirilən “Challengers” turniri Azərbaycan şahmatı üçün daha uğurlu alınıb. Məhəmməd Muradlı son turda heç-heçə etsə də, əvvəlki nəticələri sayəsində yarışın qalibi olub. O, turniri 7,5 xalla tamamlayaraq çempionluğunu hələ son turdan əvvəl təmin etmişdi.

Digər Azərbaycan təmsilçisi Eltac Səfərli isə son qarşılaşmada məğlub olub və 3 xalla turniri 9-cu pillədə başa vurub.

Qeyd edək ki, Daşkənddə keçirilən beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 121 500 ABŞ dolları təşkil edib. Yarışda dünyanın müxtəlif ölkələrindən tanınmış qrossmeysterlər iştirak ediblər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni