Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyulun 1-nə olan yeni klassik reytinq siyahısını açıqlayıb. Yenilənmiş cədvəldə Azərbaycanın aparıcı qrossmeysterləri mövqelərini qoruyub və ya yaxşılaşdırıblar. Ən diqqətçəkən dəyişikliklərdən biri Şəhriyar Məmmədyarovun yenidən dünya reytinqində yüksəlməsi, digəri isə Məhəmməd Muradlının ilk dəfə “Top-100″ə daxil olması olub.
Məmmədyarov üç pillə irəlilədi
Son reytinq yeniləməsinə əsasən, Şəhriyar Məmmədyarov ELO hesabına 6 xal əlavə edərək 2723 reytinqə yüksəlib. Təcrübəli qrossmeyster bununla dünya sıralamasında 26-cı pillədən 23-cü yerə qalxıb. O, iyun ayı ərzində 11 reytinq partiyası keçirərək nəticələrini yaxşılaşdırmağı bacarıb.
Azərbaycanın digər şahmatçıları da FIDE-nin ilk 100-lüyündə yer almağı davam etdirirlər:
- Teymur Rəcəbov – 2689 xal, 38-ci yer
- Aydın Süleymanlı – 2657 xal, 57-ci yer
- Məhəmməd Muradlı – 2642 xal, 78-ci yer
- Rauf Məmmədov – 2639 xal, 84-cü yer
Xüsusilə Məhəmməd Muradlının nəticəsi diqqət çəkir. Gənc qrossmeyster iyun ayında reytinqinə 92 xal əlavə edərək ilk dəfə dünya reytinqinin ilk 100-lüyünə yüksəlib. Bu səviyyədə belə sürətli ELO artımı şahmatda olduqca nadir hallarda qeydə alınır.
Dünya reytinqində liderlər dəyişməyib
FIDE-nin iyul ayı üzrə açıqladığı ilk onluqda aşağıdakı şahmatçılar yer alıblar:
- Maqnus Karlsen (Norveç) – 2823
- Fabiano Karuana (ABŞ) – 2792
- Hikaru Nakamura (ABŞ) – 2792
- Cavoxir Sindarov (Özbəkistan) – 2777
- Vinsent Kaymer (Almaniya) – 2767
- Nodirbek Abdusattorov (Özbəkistan) – 2766
- Uesli So (ABŞ) – 2765
- Aniş Giri (Niderland) – 2764
- Arcun Eriqaysi (Hindistan) – 2757
- Vey İ (Çin) – 2753
Qadın şahmatçılar arasında isə Azərbaycanın ən yüksək reytinqli təmsilçisi yenə Ülviyyə Fətəliyeva olub. O, 2440 xalla 24-cü pillədə qərarlaşıb. İlk 100-lükdə həmçinin Gövhər Beydullayeva (2375 xal, 64-cü yer), Xanım Balacayeva (2356 xal, 82-ci yer) və Gülnar Məmmədova (2350 xal, 86-cı yer) da yer alıblar.




