ABŞ-da keçirilən ATP 1000 kateqoriyalı Sinsinnati turnirində kişilərin fərdi yarışında ilk yarımfinal cütü bəlli olub. Flavio Kobolli və Artur Fis 1/4 final mərhələsində rəqiblərini məğlub edərək titul uğrunda mübarizəni davam etdiriblər.
Kobolli amerikalı Tommi Pola qarşı görüşə uğursuz başlasa da, sonradan oyunun gedişini dəyişməyi bacarıb. İlk seti 2:6 hesabı ilə uduzan italiyalı növbəti iki hissədə 6:3 və 6:4 hesabları ilə qalib gələrək karyerasında ilk dəfə ATP “Masters 1000” turnirinin yarımfinalına yüksəlib. O, həmçinin Yannik Sinnerdən sonra Sinsinnatidə bu mərhələyə çatan ikinci italiyalı tennisçi olub.
Fis mövsümdə üçüncü dəfə “Masters” yarımfinalında
Artur Fis isə 1/4 finalda argentinalı Tiaqo Aqustin Tirante ilə qarşılaşıb. Fransa təmsilçisi cəmi 64 dəqiqə davam edən matçda rəqibinə 6:3, 6:2 hesabı ilə qalib gəlib. Bu nəticə ilə Fis cari mövsümdə üçüncü dəfə ATP 1000 turnirinin yarımfinalına vəsiqə qazanıb. Daha əvvəl o, Mayami və Madriddə də son dördlüyə yüksəlmişdi.
Kobolli ilə Fis indiyədək iki dəfə üz-üzə gəliblər və hər iki qarşılaşmada fransalı tennisçi qalib ayrılıb. İlk görüş 2023-cü ildə “Next Gen ATP Finals” turnirində, digəri isə 2025-ci ildə Monte-Karlo “Masters”ində baş tutub.
Sinsinnatidə onların növbəti dueli avqustun 22-də keçiriləcək. Qalib tennisçi turnirin finalına yüksələcək və karyerasında ilk dəfə ATP 1000 səviyyəsində həlledici matçda oynamaq hüququ qazanacaq.
Digər yarımfinalçıların adları isə aşağı hissədə keçiriləcək 1/4 final görüşlərindən sonra müəyyənləşəcək. Teylor Frits Brendon Nakaşima ilə, Lorenzo Muzetti isə Frensis Tiafo ilə qarşılaşacaq.
1/4 finalın nəticələri:
- Tommi Pol – Flavio Kobolli – 6:2, 3:6, 4:6
- Tiaqo Aqustin Tirante – Artur Fis – 3:6, 2:6



