Bu gün UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda Azərbaycanı təmsil edən “Zirə” Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə üz-üzə gələcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv ilk matçda qazandığı inamlı üstünlüyü qorumağa və növbəti mərhələyə yüksəlməyə çalışacaq.
Qarşılaşma Kutaisidə yerləşən “Şengeliya Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Macarıstandan olan FIFA referisi Mihali Kapray idarə edəcək. UEFA-nın təsdiqlədiyi təqvimə əsasən, bu cütün qalibi II təsnifat mərhələsində Litvanın “Hegelmann” və Estoniyanın “Payde” komandaları arasında keçirilən qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
“Zirə” üstün hesabla səfərə yollanıb
Bakıda keçirilən ilk oyunda “Zirə” rəqibinə heç bir şans verməyərək 3:0 hesablı qələbə qazanmışdı. Həmin görüşdə Ruan dubla imza atmış, digər qolu isə David Volkov vurmuşdu və komanda cavab matçı öncəsi ciddi üstünlük əldə etmişdi.
“Zirə”nin məqsədi bu üstünlüyü qoruyaraq UEFA Konfrans Liqasının növbəti mərhələsinə vəsiqə qazanmaqdır. Komanda mərhələ adlayacağı təqdirdə, Avropa arenasındakı mübarizəsini II təsnifat mərhələsində davam etdirəcək və burada “Hegelmann” – “Payde” cütünün qalibi ilə qarşılaşacaq.




