Yüngül atletika dünyasında diqqətçəkən hadisə baş verib. Avstraliyalı gənc sprinter Qut Qut 200 metr məsafəyə qaçışda əfsanəvi atlet Usain Bolt-un uzun illərdir toxunulmaz qalan nəticəsini geridə qoyaraq adını tarixə yazdırıb.
18 yaşlı idmançı Avstraliya çempionatı çərçivəsində keçirilən yarışda məsafəni cəmi 19,67 saniyəyə qət edib. Bu nəticə yalnız ölkə rekordu ilə kifayətlənməyib, həm də gənclər arasında ən yaxşı göstəricilərdən biri kimi qeyd olunub.
Qut Qutun əldə etdiyi vaxt 200 metr məsafədə əvvəllər Usain Bolt tərəfindən gənclər kateqoriyasında müəyyən edilmiş rekordu geridə qoyur. Bolt hələ 2004-cü ildə bu məsafəni 19,93 saniyəyə qaçaraq U20 səviyyəsində rekord müəyyənləşdirmişdi.
İndi isə, təxminən 22 ildən sonra həmin nəticə yenilənib və yeni nəsil atletikanın ön sırasına çıxmağa başlayıb. Qut Qutun çıxışı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və onun gələcəkdə daha böyük uğurlara imza ata biləcəyi qeyd olunur.
Ekspertlər gənc sprinterin qaçış texnikasını xüsusi vurğulayır. Onun sürətli startı və finişə yaxın rahat tempi bir çoxlarına Boltu xatırladır. Məhz bu səbəbdən artıq bəzi analitiklər onu “yeni sprint kralı” adlandırmağa başlayıblar.



