Azərbaycan Güləş Federasiyası (AGF) Şamaxı şəhər icra hakimiyyətinin nümayəndəsi və beynəlxalq dərəcəli hakim Asif Şirəliyevin Hakimlər Komitəsinin sədri təyin olunması barədə yayılan məlumatlara münasibət bildirib. Federasiyadan verilən açıqlamada bildirilir ki, AGF üçün əsas prioritetlərdən biri hakimlik sənətinin professional səviyyədə inkişaf etdirilməsi, həmçinin bu sahədə kəmiyyət və keyfiyyətin artırılmasıdır. Bununla bağlı lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi və fəaliyyətin daha sistematik qurulması planlaşdırılır. Hakimlər Komitəsində hər hansı yeni təyinatın həyata keçirilməsi, federasiya tərəfindən ictimaiyyətə rəsmi şəkildə təqdim olunacaq.
Eyni zamanda, 44 yaşlı Asif Şirəliyev 2008-ci ildən beynəlxalq dərəcəli hakim olub və Tokio və Paris Yay Olimpiya Oyunları da daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib. O, 2021-ci ildən Şamaxı şəhərində icra hakimiyyəti başçısının nümayəndəsi vəzifəsini yerinə yetirir.
Asif Şirəliyev öz açıqlamasında bildirir ki, hələlik federasiya tərəfindən onun Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə bağlı rəsmi qərar verilməyib.
Federasiyanın hazırkı Hakimlər Komitəsi sədri 69 yaşlı Qarib Əliyevdir və onun rəhbərliyi altında komitə fəaliyyətini davam etdirir.