İngiltərənin məşhur “Uembli” stadionu ilə yanaşı, yenidənqurma mərhələsində olan İspaniyanın “Barselona” klubunun “Kamp Nou” arenası 2029-cu ildə keçiriləcək UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi etmək üçün müraciət edib. Finalın keçiriləcəyi stadion barədə son qərar 2026-cı ilin sentyabrında UEFA tərəfindən açıqlanacaq.
Almaniyanın “Bavariya” klubunun sahibi olduğu “Allians Arena” isə 2028-ci il finalının təşkilatçısı olmaq üçün namizəddir. Münhen stadionu öncəki illərdə – 2012 və 2025-ci illərdə də UEFA-nın ən prestijli klub turnirinin finalına ev sahibliyi edib.
Qeyd olunur ki, UEFA Konfrans Liqasının 2028 və 2029-cu il finalları üçün Qazaxıstan da müraciət edib. Bu oyunların Almatı və ya Astana şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, Fransa, Macarıstan, İtaliya, Polşa və Finlandiya da Çempionlar Liqasının finalını qəbul etmək üçün namizədlər siyahısındadırlar. UEFA İcraiyyə Komitəsinin növbəti iclasında, 2026-cı ilin sentyabrında, finalın keçiriləcəyi ölkə və stadionun adı rəsmən açıqlanacaq.



