Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları bu gün beş müxtəlif növdə yarışlarda qüvvələrini sınayacaqlar. Üzgüçülərdən Məryəm Cavadova, Abdurrahman Rüstəmov, Anastasiya Boborıkina, Eqor Maynitskiy, Ramil Vəlizadə, Vlastilina Xasyanova və Mehri Əbdurəhmanlı ilə yanaşı, 2 qız və 2 oğlandan ibarət qarışıq komanda da bacarıqlarını ortaya qoyacaq.
Stolüstü tennis üzrə qadınlardan ibarət yığmamız yarımfinalda Misir yığması ilə qarşılaşacaq. Cüdo millimiz isə 1/4 final mərhələsində Səudiyyə Ərəbistanı komandası ilə görüşəcək.
Ağırlıqqaldırma kateqoriyasında Ravin Alməmmədov (79 kq) yarışa qrup mərhələsindən başlayacaq.
Boks yarışlarında isə bu gün dörd idmançımız finala çıxır: Nərgiz Zeynalova (54 kq) Ayşen Taşkin (Türkiyə), Səidcəmşid Cəfərov (80 kq) Sultan Osmanlı (Türkiyə), Aynur Mikayılova (57 kq) Khumorabonu Mamajonova (Özbəkistan) və Məhəmmədəli Qasımzadə (60 kq) Madiyar Daniyarov (Özbəkistan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq. İndiyədək Azərbaycan idmançıları 2 qızıl, 3 gümüş və 12 bürünc olmaqla 17 medal qazanaraq ölkələr arasında medal sıralamasında altıncı yerdə yer alıblar.



