Gənclər Fondu və “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağa veloyürüş – Zəfərin izi ilə” layihəsi 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” çərçivəsində icra olunub. Layihənin əsas məqsədi gənclər arasında vətən sevgisinin artırılması, konstitusiya dəyərlərinə hörmətin təbliği və Qarabağın azad edilmiş ərazilərində milli həmrəyliyin nümayişidir.
Veloyürüş Ağdamdan start götürərək Xankəndiyə qədər davam edib. 100-ə yaxın peşəkar velosipedçi Azərbaycanın müxtəlif bölgələrindən bir araya gələrək 44 kilometr məsafəni qət edib. Bu məsafə 44 günlük Vətən müharibəsinin mənəvi simvolu hesab olunur.
Tədbir gənclərin Qarabağın sosial-iqtisadi inkişafına, həmçinin ekoturizm və idman infrastrukturlarının gücləndirilməsinə diqqətini çəkmək üçün təşkil olunub. İştirakçılar həmçinin bölgədə aparılan bərpa işləri ilə yaxından tanış olublar.
Veloyürüş Xankəndidə başa çatıb. Burada layihənin yekunları təqdim olunub və Azərbaycan gənclərinin idman və fəallıq sahəsində atdığı addımlar yüksək qiymətləndirilib. “Gənc Peşəkar Velosipedçilər Klubu”nun sədri Vüqar Salahov tədbirdə iştirakçılara təşəkkürnamə təqdim edib.



