2-13 dekabr tarixlərində Dubay şəhərində kişilər arasında Beynəlxalq Boks Assosiasiyası (IBA) tərəfindən təşkil olunan dünya çempionatı start götürəcək. Yarış barədə IBA prezidenti Umar Kremlyov məlumat verib.
Turnirin mükafat fondu boks tarixində misli görünməmiş səviyyədədir və 8,32 milyon ABŞ dolları (təxminən 14,1 milyon Azərbaycan manatı) təşkil edir. Qazanc idmançılar, məşqçilər və milli federasiyalar arasında paylaşdırılacaq.
Prezident Kremlyov vurğulayıb ki, hər bir idmançıya dünya çempionatında çıxış etmək və xəyallarını reallaşdırmaq üçün bərabər imkanlar yaradılmalıdır:
“İdmançılar buna nail olmaq üçün həyatlarının böyük hissəsini sərf edirlər və onların zəhməti layiqincə qiymətləndirilməlidir. Bu, bizim başlıca vəzifəmizdir.”
İştirak sayına görə də Dubaydakı dünya çempionatı ən böyük yarışlar sırasında yer alacaq. IBA-nın təqdim etdiyi məlumata əsasən, tədbirdə 95-dən çox milli federasiya iştirak edəcək.



