11 yanvar bazar günü Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “King Abdullah Sports City” stadionunda futbol dünyasının ən böyük rəqabəti – “Barselona” və “Real Madrid” qarşılaşması baş tutub. İspaniya Superkubokunun finalı əsl qol trillerinə çevrilib və katalonların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Gərgin ilk hissə və əlavə vaxt dramı: Oyun ehtiyatlı başlasa da, su fasiləsindən sonra temp kəskin artıb. 36-cı dəqiqədə Rafinya dəqiq zərbə ilə “Barselona”nı önə keçirib. Lakin birinci hissəyə əlavə olunmuş dəqiqələrdə əsl “fırtına” qopub:
- 45+2 dəq: Vinisius Junior hesabı bərabərləşdirib.
- 45+4 dəq: Robert Levandovski katalonları yenidən önə keçirib.
- 45+6 dəq: Qonsalo Qarsiya “Real”ın ikinci cavab qoluna imza atıb və komandalar fasiləyə 2:2 hesabı ilə yollanıblar.
Qələbə qolu və qırmızı vərəqə: İkinci hissədə hər iki komandanın təhlükəli hücumlarına baxmayaraq, həlledici sözü yenə Rafinya deyib. 73-cü dəqiqədə onun vurduğu top Asensionun müdaxiləsindən sonra qapıya daxil olub. Oyunun sonunda Frenki de Yonq Kilian Mbappeyə qarşı kobudluğa görə meydandan qovulsa da, “Barselona” üstünlüyünü qoruyub saxlaya bilib.
İspaniya Superkuboku. Final “Barselona” – “Real Madrid” – 3:2 Qollar: Rafinya (36, 73), Levandovski (45+4) — Vinisius (45+2), Q. Qarsiya (45+6). Qırmızı vərəqə: Frenki de Yonq (90+1).



