“Qarabağ” klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Sport-az.com-in Oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Ağdam təmsilçisi səfərdə ən çox qol vuran komanda adına sahib çıxıb.
Rekord, Misli Premyer Liqasının X turunda “Kəpəz”ə qarşı oynanan matçda əldə olunub. Qurban Qurbanovun yetirmələri rəqib meydanında “Kəpəz”i 5:0 hesabı ilə məğlub edərək bu uğura nail olublar.
Oyunun 3-cü qolunu vuran Leandro Andrade, “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolunu vurub. Bununla da Ağdam təmsilçisi “Neftçi”nin 647 səfər qolu ilə olan rekordunu yeniləyib. Tovuzda “Kəpəz”lə keçirilən oyunda vurulan sonuncu top isə klubun çempionatda səfərdə vurduğu 650-ci qol kimi tarixə düşüb. Yubiley qolunu Aleksey Kaşuk vurub.
Qeyd edək ki, “Qarabağ” 650 səfər qolunu 461 oyunda vurmağı bacarıb.