UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək “Qarabağ” və Niderland təmsilçisi “Ayaks” arasında oyun öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtları bəlli olub.
Sport-az.com xəbər verir ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı oktyabrın 23-də saat 13:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Eyni gün saat 17:00-da “Azersun Arena”da komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Françesco Fariolinin mətbuat konfransı isə saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. “Ayaks”ın açıq məşqi isə saat 12:45-də “Neftçi Arena”da keçiriləcək və yalnız ilk 15 dəqiqə media üçün açıq olacaq.
Media nümayəndələri oyunla bağlı akkreditasiyalarını oktyabrın 22-si saat 14:00-dan 17:30-dək Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.
Qeyd edək ki, “Qarabağ” və “Ayaks” arasında qarşılaşma oktyabrın 24-də saat 20:45-də start götürəcək.



