Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) 2023/2024 mövsümünə dair maliyyə hesabatını elan edib və qurum kişi klublarının yarışlarından indiyədək görülməmiş həcmdə gəlir əldə edib.
UEFA-nın rəsmi məlumatına görə, kişi klub yarışlarından əldə edilən ümumi gəlir hədəfi 690 milyon avro üstələyərək 4,4 milyard avroya çatıb. Bu, təşkilat tarixində ən yüksək göstəricidir. Maliyyə artımı sayəsində UEFA klublara edilən ödənişləri də analoji qaydada artırıb:
- Klublara ümumi ödənişlər 4,4 milyard avroya yüksəlib – əvvəlki mövsümlə müqayisədə 400 milyon avro çox.
- Gəlirlərin 10%-i həmrəylik ödənişlərinə yönəldilib.
- Avropa yarışlarında iştirak etməyən klublara ayrılan vəsait 308 milyon avro təşkil edib – bu, əvvəlki ilə nisbətən 76% artım deməkdir.
- Seçmə mərhələsində mübarizəni dayandıran klublar üçün əlavə maliyyə paketi ayrılıb.
- UEFA Gənclər Liqası və qadın klubları üçün 25 milyon avro əlavə büdcə nəzərdə tutulub.
UEFA açıqlamasında vurğulanıb ki, maliyyə artımı qurumun futbolun inkişafı və bərabər maliyyələşmə prinsipinə sadiqliyini daha da gücləndirir.



