More

    Formula-1 2026 mühərrik qalmaqalı: sıxılma dərəcəsi ətrafında təhlükəli presedent

    2026-cı il üçün nəzərdə tutulan yeni güc qurğuları qaydaları ətrafında mübahisə böyüyür.

    Məsələ mühərriklərin sıxılma dərəcəsinin (compression ratio) necə ölçülməsi ilə bağlıdır. Dörd istehsalçı – Mercedes istisna olmaqla – qaydalara dəyişiklik edilməsi üçün təşəbbüs qaldırıb və hesab edir ki, mövcud formulirovka “boşluq” yaradır.

    Hazırkı texniki reglamentə əsasən, heç bir silindrin geometrik sıxılma dərəcəsi 16.0-dan yüksək ola bilməz. Lakin eyni maddədə ölçmə prosedurunun hər bir istehsalçı tərəfindən təsvir olunaraq FIA tərəfindən təsdiqlənməsi tələb edilir. Məhz bu ifadə fərqli şərhlərə səbəb olub.

    Digər istehsalçılar ilk cümləni əsas götürdüklərini bildirirlər, Mercedes isə ölçmə şərtlərinin – xüsusilə temperatur faktorunun – həlledici olduğunu müdafiə edir.

    PUAC-da həlledici səsvermə gözlənilir

    Məsələ Formula-1 Komissiyasında deyil, Güc Qurğuları Məsləhət Komitəsində (PUAC) müzakirə olunur.

    Bu quruma beş istehsalçı, FIA və FOM daxildir. Məlumata görə, dörd istehsalçı sıxılma dərəcəsinin daha yüksək temperaturda yoxlanılmasını təklif edəcək.

    Əgər çoxluq bu təklifi dəstəkləsə, dəyişikliklər Ümumdünya Avtoidman Şurası tərəfindən təsdiqlənə bilər. Bu isə Mercedes üçün ciddi risk yarada bilər, çünki 1 mart homoloqasiya tarixindən əvvəl mühərrikin yenidən işlənməsi zərurəti ortaya çıxa bilər.

    Komanda rəhbəri Toto Volf mümkün üstünlüyün cəmi “2-3 at gücü” olduğunu desə də, Maks Ferstappen bu fərqin daha böyük ola biləcəyini eyham vurub. Alpine-in idarəedici direktoru Stiven Nilsen isə qaydaların dəyişdirilməsinə qarşı çıxaraq bildirib: “Qaydalar aydındır.

    Əgər açıq yazılmış müddəaları siyasi lobbi ilə dəyişmək mümkündürsə, onda nə qadağandır?” Onun sözlərinə görə, belə presedent gələcəkdə digər texniki maddələrin də mübahisəyə açılmasına yol aça bilər. Məsələ artıq təkcə texniki deyil, siyasi xarakter daşıyır və qərar FIA ilə FOM-un mövqeyindən asılı olacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni