2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı ətrafında maraq əksinə, rekord səviyyəyə yüksəlib.
Qrup mərhələsinin biletləri artıq tam satılıb və azarkeş tələbatı əvvəlki mundiallarla müqayisədə daha yüksək qiymətləndirilir. Bununla belə, FIFA-nı düşündürən əsas məsələ ilkin satış deyil, ikinci bazarda – resale platformalarında qiymətlərin kəskin artımı və əlçatanlıq problemidir.
Turnir 11 iyun – 19 iyul 2026-cı il tarixlərində baş tutacaq. İlk dəfə 48 komandanın qatılacağı mundial çərçivəsində 16 stadionda ümumilikdə 104 oyun keçiriləcək. Bu format dəyişiklikləri yarışın miqyasını xeyli genişləndirib və azarkeş coğrafiyasını daha da artırıb.
FIFA prezidenti Canni İnfantino yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı rekord rəqəmləri açıqlamışdı. O bildirmişdi ki, ilkin mərhələdə 500 milyondan çox bilet müraciəti daxil olub və bu göstərici dünya çempionatları tarixində görünməmiş səviyyədir. İnfantinonun sözlərinə görə, “bu turnir dünya futbolunun tarixində ən böyük və ən inklüziv yarış olacaq”.
Qiymətlər və logistika suallar yaradır
Bununla yanaşı, təşkilat yüksək qiymətlər və bəzi ölkələr üçün viza prosedurlarının mürəkkəbliyi ilə bağlı narahatlığını gizlətmir.
FIFA rəhbərliyi azarkeşlərin stadiona çıxış imkanlarının qorunmasının prioritet olduğunu vurğulayır. Rəsmi qurum resale bazarına nəzarətin gücləndirilməsi və biletlərin ədalətli paylanması üçün əlavə mexanizmlər üzərində işləyir.
Proqnozlara görə, stadionlarda ümumilikdə 7 milyona yaxın tamaşaçı olacaq, televiziya auditoriyası isə milyardlarla insanı əhatə edəcək. Mövcud dinamika göstərir ki, DÇ-2026 həm miqyasına, həm də kommersiya göstəricilərinə görə yeni rekordlara imza ata bilər.



