Golden State Warriors klubunun ulduz basketbolçusu Stiven Karri karyerasını başa vurmaq barədə hələ ciddi düşünmədiyini açıqlayıb. 37 yaşlı oyunçu bildirib ki, parketlə vidalaşmaq “yaxın zamanın mövzusu deyil”.
Karri PEOPLE jurnalına müsahibəsində deyib: “Nə vaxt dayanmalı olduğumu zaman özü göstərəcək. Amma düşünmürəm ki, bu, tezliklə baş verəcək. Özümə bu barədə təzyiq etmirəm”.
Onun sözlərinə görə, əsas diqqəti indiki məqama yönəltmək vacibdir: “Sonu düşünmək bu günü əlindən alır. Rəqabət aparmaqdan və bunun üçün görülən işdən zövq alıram. Ümid edirəm ki, bu məni hələ uzun müddət irəli aparacaq”.
NBA-də 17 mövsümü eyni klubda keçirən Karri dördqat çempion, ikiqat MVP və Olimpiya qızıl medalçısıdır. O, yaşına baxmayaraq yüksək performans nümayiş etdirməsini xüsusi fəxarət hesab edir: “Bu yaşda belə nəticələr göstərmək şərəfdir. Bu yaşda böyüklüyün necə göründüyünü yenidən müəyyənləşdirmək istəyirəm”.
Parketdən kənarda da aktivdir
Karri son illər kino və media sahəsində də uğurları ilə diqqət çəkir. O, 2022-ci ildə “The Queen of Basketball” filminin icraçı prodüseri kimi “Oskar” qazanıb, həmçinin bu il “Sundance” festivalında “The Baddest Speechwriter of All” qısametrajlı filminə görə münsiflər mükafatına layiq görülüb.
Bundan əlavə, o, yeni animasiya filmi “GOAT”da səs aktyoru kimi iştirak edib. Lakin basketbolçu vurğulayır ki, bu fəaliyyətlər onun NBA karyerasının sona yaxınlaşması demək deyil.
Karri üçün motivasiyanın ən böyük mənbələrindən biri ailəsidir. Həyat yoldaşı Ayesha Curry və dörd övladı – Riley, Ryan, Canon və Caius – onun uğurlarını yaxından izləyir. “Əvvəllər forma geyinəndə mənə Stiven deyirdilər, formasız isə ata. İndi isə uşaqlar oyun sayını və rəqibləri soruşurlar. Bu yolu onlarla bölüşmək çox xoşdur”, – deyə o bildirib. Karri üçün əsas məqsəd dəyişməz qalır: sevdiyi oyunu oynamaq və hər mövsüm yeni zirvələr fəth etmək.



