2026-cı ildən “Formula 1”də qüvvəyə minəcək yeni texniki reqlament yarışların xarakterini ciddi şəkildə dəyişəcək.
Güc qurğusunda daxili yanma mühərriki ilə elektrik sisteminin payı 50/50 nisbətində olacaq və bu, sürücüləri batareyanın doluluq səviyyəsinə əvvəlkindən daha çox diqqət yetirməyə məcbur edəcək.
Bir çox pilot artıq xəbərdarlıq edib ki, yarış tempi və taktika köklü şəkildə dəyişə bilər. Hətta bəzi hallarda sürücülər düzlüklərdə qaz pedalını tam basmaq əvəzinə, enerji balansını qorumaq üçün sürəti azaltmalı olacaqlar.
Komandalar enerji yığımı baxımından çətin olan trasları “harvest poor” – yəni zəif enerji bərpası olan məkanlar kimi xarakterizə edirlər.
Enerji bərpası üçün uyğun olmayan traslar
1. Avstraliya Qran-Prisi – Melburn
Albert Park trasında əsas problem sərt əyləc zonalarının azlığıdır. Batareya yüksək sürətdən sonra güclü əyləc zamanı daha effektiv enerji toplayır. Lakin bu trasda 1-ci döngədən başqa uzun düz xəttdən sonra kəskin döngə demək olar ki, yoxdur.
3-cü döngə və Lakeside Drive hissəsinin sonunda müəyyən imkanlar yaransa da, ümumilikdə enerji yığımı məhduddur.
2. Yaponiya Qran-Prisi – Suzuka
Suzuka sürücülər arasında ən sevilən traslardan biridir. Lakin “esses” adlanan ardıcıl döngələr və axıcı konfiqurasiya əyləc imkanlarını azaldır. 2-ci döngədə güclü əyləc demək olar ki, yoxdur, Degner 2 qısa əyləc nöqtəsi təqdim edir, 130R isə son illərdə demək olar ki, tam qazla keçilir. Real sərt əyləc əsasən “Casino Triangle” hissəsində mümkündür.
3. Səudiyyə Ərəbistanı Qran-Prisi – Ciddə
Ciddə trası sürətli və axıcı quruluşu ilə seçilir. 1-ci döngəyə giriş enerji yığımı üçün ən yaxşı nöqtə hesab olunur. Son döngə də sərt əyləc tələb edir. Bununla belə, digər hissələrdə əyləc minimaldır və bu da batareyanın dolması üçün imkanları məhdudlaşdırır.
4. Kanada Qran-Prisi – Monreal
Monreal Avstraliya qədər çətin olmasa da, sürücülər burada da tez-tez sürəti azaltmırlar. 2-ci döngə və saç sancağı tipli hairpin əyləc üçün əlverişlidir. Həmçinin son şikana da enerji toplama imkanı yaradır. Lakin uzun düzlüklər batareyaya ciddi yük düşməsinə səbəb ola bilər.
Uzun və sürətli trasların çətinliyi
5. Belçika Qran-Prisi – Spa-Francorchamps
Təxminən 7 km uzunluğunda olan Spa mövsümün ən uzun trasıdır. 1-ci döngədən sonra Eau Rouge və Raidillon hissəsi tam qazla keçilir.
Daxili yanma mühərrikli bolidlər üçün bu problem yaratmırdı, lakin 2026-cı il formatında elektrik enerjisinin idarəsi həlledici ola bilər. İkinci sektorda Les Combes və Bruxelles müəyyən imkanlar yaratsa da, üçüncü sektor əsasən yüksək sürətli döngələrdən ibarətdir. “Bus Stop” şikanası yeganə ciddi əyləc nöqtəsidir.
6. İtaliya Qran-Prisi – Monza
Komandaların “problemli” kimi işarələdiyi əsas tras Monzadır. “Sürət məbədi” adlandırılan bu məkan uzun düzlükləri ilə məşhurdur.
Rəsmi olaraq 11 döngə olsa da, onların yarısı demək olar ki, düz xətt üzərində yüngül əyilmələrdir. Uzun yarış məsafəsində – xüsusilə 53 dövrəlik Qran-Pridə – enerji istifadəsi son dərəcə diqqətlə planlaşdırılmalıdır.
7. Azərbaycan Qran-Prisi – Bakı
Bakı Şəhər Halqası da uzun düzlükləri ilə seçilir. 2,2 km-lik əsas düz xəttdən sonra kəskin döngə gəlir, ardınca isə yenidən uzun sürət hissəsi başlayır. Orta sektorda da bir neçə düz xətt mövcuddur.
Əgər sürücülər enerji balansını düzgün qura bilməsələr, start-finiş xəttinə qədər olan uzun hissədə müdafiəsiz qala bilərlər.
8. Las Veqas Qran-Prisi
Las Veqas trası təxminən 1,9 km-lik düz xəttə malikdir. Sürücülər bu hissəni tam qazla keçsələr, dövrənin sonuna doğru enerji çatışmazlığı ilə üzləşə bilərlər. “Strip” boyunca sürətli hissədən sonra 14-16-cı döngələrdə manevrli sektor və daha bir uzun düz xətt gəlir.
Enerji yığımı əsasən 1-ci döngəyə əyləc zamanı və 5-9-cu döngələr aralığında mümkündür. Yeni reqlament şəraitində bu traslarda taktika, enerji idarəsi və sürücülərin qərarları əvvəlkindən daha böyük rol oynayacaq.



