“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Erlinq Holandın gələcəyi ətrafında yaranan söz-söhbətlərə sərt reaksiya verib.
İspaniyalı mütəxəssis norveçli forvarddan mövsümün həlledici mərhələsində diqqətini yalnız komandaya yönəltməyi və “Real Madrid”lə mümkün təmasları dərhal dayandırmağı istəyib. Məlumata görə, Qvardiola transfer xəbərlərinin futbolçunun konsentrasiyasına mənfi təsir göstərə biləcəyindən narahatdır.
Xüsusilə titul uğrunda mübarizənin qızğın vaxtında belə söz-söhbətlərin komandanın daxili balansını poza biləcəyi vurğulanır. Baş məşqçi Holandın həm fiziki, həm də psixoloji baxımdan maksimum səviyyədə hazır olmasının vacib olduğunu düşünür.
“Bernabeu”dan gələn maraq
Bildirilir ki, Madrid klubunun uzun müddətdir 25 yaşlı hücumçuya maraq göstərməsi Qvardiolanı narahat edib. “Santyaqo Bernabeu”dan gələn xəbərlər və davamlı şayiələr İngiltərə klubunda diqqətlə izlənilir.
Qvardiola hesab edir ki, Holand tam gücü ilə çıxış etməzsə, komandanın qarşıya qoyduğu yüksək hədəflərə çatmaq çətin olacaq.
Bu səbəbdən çalışdırıcı mövsüm başa çatanadək hər hansı transfer müzakirələrinin dondurulmasını tələb edib. Mənbələrin məlumatına əsasən, “Mançester Siti” rəhbərliyi də vəziyyətin ciddiliyini anlayır və soyunma otağını kənar təsirlərdən qorumağa çalışır.
Qeyd edək ki, Florentino Peresin rəhbərlik etdiyi “Real Madrid” hücum xəttini daha da gücləndirmək niyyətindədir və yay transfer pəncərəsində ciddi addımlar atmağa hazır olduğu bildirilir.



