Fransanın “Marsel” klubunun rəsmi internet səhifəsi kiberhücuma məruz qalıb. Hadisə nəticəsində onlayn şəkildə bilet və klub məhsulları alan təxminən 400 min azarkeşin şəxsi məlumatlarının ələ keçirildiyi bildirilir.
Kibertəhlükəsizlik üzrə mütəxəssis, “SaxX” ləqəbi ilə tanınan Klement Dominqo açıqlamasında qeyd edib ki, hücum klubun məlumat bazasına yönəlib.
Onun sözlərinə görə, sızdırılan bazada azarkeşlərin ünvanları, telefon nömrələri, doğum tarixləri, sosial şəbəkə hesabları və sifariş detalları yer alıb.
Klubdan rəsmi açıqlama
“Marsel” rəhbərliyi insidenti təsdiqləyərək bildirib ki, bu hücum son dövrlərdə iri təşkilatlara qarşı artan kiberhücum dalğasının bir hissəsidir. Klubun bəyanatında vurğulanır:
“Texniki komandamız və ixtisaslaşmış tərəfdaşlarımız dərhal səfərbər olunaraq vəziyyəti qısa müddətdə nəzarət altına alıblar. Hazırda bütün əməliyyatlar normal və təhlükəsiz rejimdə davam edir”.
Klub həmçinin azarkeşlərə bank kartı məlumatlarının və parolların sızdırılmadığını bildirib. Bununla yanaşı, hadisə ilə bağlı araşdırmaların davam etdiyi və müvafiq qurumlara, o cümlədən Fransanın Məlumatların Mühafizəsi Orqanına (CNIL) məlumat verildiyi qeyd olunub.
“Marsel” rəhbərliyi şəxsi məlumatların qorunmasının prioritet olduğunu vurğulayaraq azarkeşləri rəqəmsal təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Xüsusilə güclü parollardan istifadə etmək, fişinq cəhdlərinə qarşı diqqətli olmaq və şübhəli halları dərhal bildirmək tövsiyə edilib.
Bu hadisə bir daha göstərir ki, idman klubları və böyük azarkeş bazasına malik təşkilatlar kibertəhlükəsizlik sahəsində daha ciddi tədbirlər görməlidirlər.



