Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçuları tarixi nəticəyə imza atıb. 60 kq çəki dərəcəsində Balabəy Ağayev və Əhməd Yusifov finala yüksələrək qızıl medal uğrunda bir-biri ilə qarşılaşacaqlar. Beləliklə, turnirdə Azərbaycan finalı reallaşacaq.
İlk yarış günündə yeddi təmsilçimiz mübarizəyə başlayıb:
- Əhməd Yusifov (60 kq) – Samariddin Kuçkarov (Özbəkistan)
- Balabəy Ağayev (60 kq) – Baxrom Boturov (Özbəkistan)
- Nizami İmranov (66 kq) – Minhao Canq (Çin)
- Turan Bayramov (66 kq) – Matan Kokolayev (İsrail)
- Könül Əliyeva (48 kq) – Sevinç Muradova (Özbəkistan)
- Şəfəq Həmidova (48 kq) – Venna Cuanq (Çin)
- Leyla Əliyeva (52 kq) – Liliya Nuqayeva (Rusiya)
60 kq-da hər iki cüdoçumuz uğurla irəliləyərək finala vəsiqə qazanıb.
66 kq çəki dərəcəsində Nizami İmranov və Turan Bayramov mübarizəni dayandırıblar. Qadınların yarışında Könül Əliyeva və Leyla Əliyeva turnirlə vidalaşıb, Şəfəq Həmidova isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Dünya Cüdo Turunun mərhələsi olan Daşkənd “Böyük Dəbilqə” turniri martın 1-də başa çatacaq. Final qarşılaşması Azərbaycan cüdosu üçün növbəti beynəlxalq uğurun başlanğıcı ola bilər.



