UEFA Çempionlar Liqasının 2025/26 mövsümü üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 1/8 final mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib.
Turnirin bu mərhələsində ümumi mərhələni ilk səkkizlikdə tamamlayaraq birbaşa vəsiqə qazanan komandalarla, pley-in oyunlarından uğurla keçən səkkiz klub mübarizəni davam etdirəcək.
1/8 final qarşılaşmaları
Püşkün nəticəsinə əsasən, aşağıdakı cütlər formalaşıb:
- PSJ – “Çelsi”
- “Real Madrid” – “Mançester Siti”
- “Nyukasl” – “Barselona”
- “Bude/Qlimt” – “Sportinq”
- “Qalatasaray” – “Liverpul”
- “Atalanta” – “Bavariya”
- “Atletiko” – “Tottenhem”
- “Bayer” – “Arsenal”
Ən diqqətçəkən qarşılaşmalardan biri son illərin Avropa nəhəngləri olan “Real Madrid”lə “Mançester Siti”nin duelidir. Həmçinin PSJ ilə “Çelsi” arasında baş tutacaq görüş də futbolsevərlərin böyük marağına səbəb olub.
Püşkatma nəticəsində eyni zamanda turnirin tam pley-off cədvəli də formalaşıb və komandaların mümkün yarımfinal yol xəritəsi bəlli olub.
Oyun tarixləri və final
1/8 final mərhələsinin ilk oyunları martın 10-11-də, cavab görüşləri isə 17-18-də keçiriləcək. Dörddəbir final matçları 7/8 və 14/15 aprel tarixlərinə, yarımfinallar isə 28/29 aprel və 5/6 may günlərinə təyin olunub.
Mövsümün həlledici qarşılaşması – Çempionlar Liqasının finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Puşkaş Arena”da baş tutacaq.



