More

    Ukrayna paralimpiyaçılarının qadağan edilən forması: xəritə qalmaqala səbəb oldu

    Qış Paralimpiya Oyunları-2026 ərəfəsində Ukrayna yığması gözlənilməz qalmaqalla üzləşib. Milli komandanın açılış mərasimi üçün hazırlanan parad forması Beynəlxalq Paralimpiya Komitəsi (BPK) tərəfindən təsdiqlənməyib.

    Məlumata görə, dizaynın əsas elementi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində xəritəsi olub. Buraya hazırda işğal altında olan ərazilər də daxil edilib.

    Ukrayna Paralimpiya Komitəsinin prezidenti Valeriy Suşkeviç formanın ideyasını ölkənin ərazi bütövlüyünə diqqət çəkmək məqsədi ilə izah edib: “Bu forma çox simvolik idi və Ukraynanın bütün əraziləri ilə birlikdə mövcud olduğunu vurğulayırdı”.

    BPK dizaynı “siyasi mesaj” kimi qiymətləndirdi

    BPK isə həmin elementi siyasi məzmun kimi dəyərləndirib və qaydalara zidd olduğunu bildirib. Təşkilatın mövqeyinə əsasən, böyük beynəlxalq idman tədbirlərində neytrallıq prinsipi qorunmalıdır. Ukrayna tərəfinin arqumentlərinə baxmayaraq, forma ilə çıxışın komandaya sanksiya riski yarada biləcəyi bildirilib.

    Nəticədə Ukrayna nümayəndə heyəti təcili qaydada yeni dizayn hazırlamalı olub və alternativ forma qısa müddətdə İtaliyaya çatdırılıb. Qış Paralimpiya Oyunları 6–15 mart tarixlərində Milan və Kortina-d’Ampezzoda keçiriləcək.

    Ukrayna yığması qış növlərində, xüsusilə biatlon və xizək yarışlarında ənənəvi olaraq güclü komandalar sırasındadır. Bu il ölkəni 35 nəfərlik heyət təmsil edəcək: 25 idmançı və 10 lider (bələdçi).

    Bundan əlavə, Ukrayna açılış mərasimində iştirak etməmək qərarı verib. Bu addım BPK-nin Rusiya və Belarus idmançılarının milli atributlarla çıxışına icazə verməsi ilə əlaqələndirilir. Bir sıra Avropa ölkələri də mərasim boykotuna qoşulacaqlarını açıqlayıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni