“Formula 1” üzrə dünya çempionatının yeni mövsümündə bəzi mərhələlərin taleyi sual altına düşüb. Yaxın Şərqdə artan gərginlik fonunda Fars körfəzi ölkələrində keçirilməsi planlaşdırılan yarışların ləğvi istisna edilmir.
Beynəlxalq media orqanlarının yaydığı məlumata görə, xüsusilə Bəhreyn və Səudiyyə Ərəbistanında nəzərdə tutulan mərhələlər təhlükəsizlik səbəbindən təxirə salına və ya ümumiyyətlə baş tutmaya bilər.
Hansı yarışlar risk altındadır?
“Formula 1” mövsümünə bu həftəsonu Avstraliyanın Melburn şəhərində start veriləcək. Aprel ayında isə ardıcıl olaraq Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərinin keçirilməsi planlaşdırılıb.
Lakin hər iki ölkə ərazisində ABŞ hərbi bazalarının yerləşməsi və regionda hərbi əməliyyatların genişlənməsi vəziyyəti mürəkkəbləşdirib. İranın bu ərazilərə raket zərbələri endirməsi barədə məlumatlar yayılıb və bu da yarışların təhlükəsizliyi ilə bağlı suallar yaradıb.
Hazırda təşkilatçılar vəziyyəti yaxından izləyir və qərarın martın sonunadək qəbul ediləcəyi bildirilir. Əgər sözügedən mərhələlər baş tutmasa, dünya çempionatının yeni mövsümü 22 yarışdan ibarət ola bilər.
Alternativ variant kimi yarışların başqa ölkələrə köçürülməsi müzakirə olunur. Ehtimal olunan məkanlar arasında:
- Türkiyə – İstanbul
- Portuqaliya – Portiman
- İtaliya – İmola
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə cavab olaraq genişmiqyaslı əməliyyat elan edib və İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə zərbələr endirdiyini bəyan edib. Bu proses regionda keçirilən beynəlxalq idman tədbirlərinin taleyinə də təsir göstərir.



