Yeni dövrün başlanğıcı: Formula-1 mövsümü dəyişikliklərlə start götürür

Formula-1 üzrə yeni mövsüm martın 6-da Avstraliyada başlayır və bu start yalnız növbəti çempionatın başlanğıcı deyil, həm də seriyanın yeni mərhələsinin başlanğıcı hesab olunur.

Reqlamentdə edilən dəyişikliklər texniki tərəfdən böyük yeniliklər gətirib. Bolidlərin dizaynından tutmuş mühərrik konsepsiyasına qədər bir çox sahədə dəyişikliklər baş verib və bu səbəbdən mövsümün necə keçəcəyini əvvəlcədən demək çətindir.

Yeni aerodinamika və bolidlərin görünüşü

Yeni texniki qaydalar bolidlərin xarici görnüşünü də dəyişib. Avtomobillər əvvəlki illərlə müqayisədə daha sadə formaya malikdir və bəziləri onları Formula-2 texnikasına bənzədir. Yeni bolidlər daha kompakt və yüngül görünür. Son illərin maşınları isə həm ağır, həm də ölçülərinə görə böyük hesab olunurdu.

Pilotların diqqətini çəkən əsas məqam isə sıxma qüvvəsinin azaldılmasıdır. Bu dəyişiklik döngələrdə sürəti qorumağı çətinləşdirir və maşını idarə etməyi əvvəlki illərlə müqayisədə daha mürəkkəb edir. Buna görə də yeni texnikaya daha tez uyğunlaşan pilotların üstünlük qazanacağı ehtimal olunur.

Yeni mühərrik konsepsiyası

Texniki dəyişikliklər arasında ən çox müzakirə olunan mövzu mühərrik sistemidir. Yeni reqlamentə əsasən, güc qurğusunda elektrik komponentinin payı əhəmiyyətli dərəcədə artırılıb və indi ümumi gücün yarısı daxili yanma mühərrikindən, digər yarısı isə elektrik hissəsindən əldə olunur.

Bu dəyişiklik bəzilərinin tənqidinə səbəb olub. Məsələn, Maks Ferstappen yeni sistemlə bağlı narazılığını açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, bolidlərin sürəti əvvəlki mövsümlə müqayisədə bir qədər azalıb və elektrik komponenti idarəetmə hissini də dəyişdirib.

Bununla yanaşı, ekoloji standartların sərtləşdirilməsi və avtomobil istehsalçılarının yeni texnologiyalara böyük investisiyalar yatırması səbəbindən bu konsepsiyadan imtina etmək yaxın illərdə mümkün görünmür. Mercedes, Ferrari, Honda və Audi kimi istehsalçılar üçün bu mühərriklər yalnız yarış üçün deyil, həm də yol avtomobillərinin inkişafı üçün əhəmiyyət daşıyır.

Yeni reqlament DRS sisteminin də dəyişdirilməsinə səbəb olub. Artıq pilotlar əvvəlki kimi arxa qanadı açan DRS düyməsindən istifadə etməyəcək. Bunun əvəzinə iki yeni funksiya tətbiq edilib:

  • Overtake mode – rəqibə bir saniyədən az məsafədə yaxınlaşdıqda əlavə güc əldə etmək üçün istifadə olunur.
  • Boost mode – mühərrikin elektrik hissəsindən əlavə enerji çıxararaq sürəti artırmağa imkan verir.

Bu sistem nəzəri olaraq ötmələrin sayını artırmalıdır. Lakin bəzi pilotlar bildirirlər ki, batareyanın yenidən doldurulması zamanı sürətin azalması qəribə vəziyyətlər yarada bilər.

Mövsümün favoritləri kimdir?

Yeni texnika və qaydalar səbəbindən çempionatın favoritini əvvəlcədən müəyyən etmək çətindir. Mövsümöncəsi testlərdən sonra bəzi mütəxəssislər Mercedes komandasını önə çəkir, Ferrari isə əsas rəqiblərdən biri hesab olunur.

Üçüncü güc kimi Red Bull və McLaren komandalarının adı çəkilir. Pilotlar arasında isə Corc Rassell və Şarl Lekler çempionluğa real namizədlər kimi göstərilir. Maks Ferstappen də yenə titul uğrunda mübarizə aparan əsas fiqurlardan biri sayılır. McLaren komandasının pilotları Lando Norris və Oskar Piastri də güclü rəqabət yaratmağa qadirdir.

Yeni texnika gənc pilotlar üçün də əlavə imkan yarada bilər. Bəzi mütəxəssislər Andrea Kimi Antonelli və İsak Hadjar kimi gənclərin yeni bolidlərə daha tez uyğunlaşa biləcəyini düşünür.

Yeni komandalar və geniş təqvim

Bu mövsüm Formula-1-də iki yeni komanda da diqqət mərkəzindədir. Audi şirkəti Sauber komandasını alaraq çempionata həm komanda, həm də mühərrik istehsalçısı kimi qoşulub. Keçmiş Sauber heyəti saxlanıldığı üçün komandanın bəzi yarışlarda yaxşı nəticələr əldə edə biləcəyi ehtimal olunur.

Digər yeni iştirakçı isə ABŞ-ın Cadillac komandasıdır. Komanda ilk illərdə Ferrari mühərriklərindən istifadə edəcək və gələcəkdə öz güc qurğusunu hazırlamağı planlaşdırır. Cadillac təcrübəli pilotlar Valtteri Bottas və Serxio Perezi heyətə cəlb edib.

Yeni mövsümdə təqvim də geniş olaraq qalır. Formula-1 mövsümü 24 mərhələdən ibarət olacaq və bu, seriya tarixində rekord sayın təkrarıdır. Bundan əlavə, altı sprint yarışı planlaşdırılıb və təqvimə yeni mərhələ – Madrid Qran-prisi də daxil edilib.

Beləliklə, texniki dəyişikliklər, yeni komandalar və bərabər güclü kollektivlər səbəbindən qarşıdakı Formula-1 mövsümünün son illərin ən maraqlı çempionatlarından biri olacağı gözlənilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni