Britaniyalı sabiq ağır çəki dünya çempionu Tyson Fury-nin promouteri Frank Warren WBC, WBA və IBF kəmərlərinin sahibi Oleksandr Usyk-in trilogiya keçirilməsi barədə açıqlamasına münasibət bildirib.
Varrenin sözlərinə görə, onlar üçün üçüncü döyüşün təşkili məmnuniyyətlə qəbul olunacaq və bu, müəyyən şərtlər daxilində baş tuta bilər.
“Tayson da bu döyüşü çox istəyir”
Promouter qeyd edib ki, belə bir qarşılaşma yalnız Usyk-in britaniyalı boksçular Fabio Wardley və Daniel Dubois arasında keçiriləcək döyüşün qalibini məğlub etməsindən sonra mümkün ola bilər:
“Əgər Usyk Vordli və ya Dubua üzərində qələbə qazansa və daha sonra Taysonla döyüşmək istəsə, mən bu qarşılaşmadan böyük məmnuniyyət duyaram. Onların ilk iki döyüşü son dərəcə gərgin, çox həyəcanlı keçmişdi. Mən belə qarşılaşmaları günboyu izləyə bilərdim.”
Varren həmçinin əlavə edib ki, Fury özü də trilogiya ideyasına müsbət yanaşır:
“Tayson dəfələrlə mənə bildirib ki, bu döyüşü çox istəyir.”
Promouter həmçinin Usyk-in Vordli – Dubua döyüşünün qalibi ilə qarşılaşmaq arzusuna münasibət bildirərək bunun mümkün olduğunu, lakin ilk növbədə titul vəziyyətindən və təşkilatların qərarlarından asılı olacağını vurğulayıb.
Usyk və Fury arasında keçirilən iki döyüş boks ictimaiyyətində böyük rezonans doğurmuş, hər iki qarşılaşma yaxın hesablarla yekunlaşmışdı. Bu səbəbdən trilogiya ideyası həm azarkeşlər, həm də tərəflər üçün real perspektiv kimi görünür.



